DÇ-2022-də artıq ilk tur arxada qalıb. Bu gün Qətərdə 2-ci turun oyunları start götürəcək.
Fanat.Az Azərbaycanda İTV-də yayımlanan mundialın şərhçiləri ilə bağlı kiçik araşdırma aparıb.
16 oyunu 8 aparıcı təqdim edib ki, İTV-nin öz əməkdaşı Tural Dadaşovla "CBC Sport"dan cəlb olunan Pərviz Musayev hamıdan çox - hərəyə 3 oyunda iş başında olublar. Gündüz Abbaszadə, Əhməd Əliyev, Ramiz Mirzəzadə və Ürfan Məmmədli hərəyə 2, Elnur Məmmədliylə Ramil Cahangirov isə 1 matçı şərh ediblər.
Musayevin şərh etdiyi oyunlarda əsasən heç-heçə qeydə alınıb. Belə ki, 3 görüşdən 2-də qalib müəyyənləşməyib. Həmkarımızın bu "seriya"sını ötən gecə Braziliya Serbiyaya qalib gəlməklə qırıb.
Tural Dadaşovun şərh etdiyi matçlar məhsuldarlığı ilə diqqət çəkib. Belə ki, 3 oyunda qapılara 12 qol vurulub. Məhsuldarlıq baxımından ikinci sırada Ramiz Mirzəzadəni vurğulamaq lazım gəlir. Belə ki, o, həm Fransa - Avstraliya, həm də Portuqaliya - Qana matçında 5 qola şahidlik edib.
Gündüz Abbaszadənin olduğu oyunlarda isə əksinə, minimal nəticələr qeydə alınıb. Həm də qol vuran tərəf mütləq qələbə qazanıb. Belə ki, Niderland Seneqalı 2, Belçika isə Kanadanı 1 cavabsız qolla üstələyib.
İzləyicilərin Əhməd Əliyevidən "xoşu gəlmir". Bu, şərhçilik mənasında deyil, nəticələr baxımından belədir. Belə ki, onun şərh etdiyi 2 görüşün heç birində qol vurulmayıb. Əslində, Ürfan Məmmədlinin olduğu oyunlar da bu mənada ciddi fərqlənməyib. Onun şərhçisi olduğu 2 qarşılaşmada cəmi 1 qol qeydə alınıb.
Bu gün mundialda ikinci oyununu şərh edəcək Elnur Məmmədli hələki iş başında olduğu yeganə matçda Argentinanın Səudiyyə Ərəbistanına sürpriz məğlubiyyətinə, Ramil Cahangirov isə İspaniyanın ifasında DÇ-nin ən böyükhesablı qələbəsinə şahid olub.
20 noyabr
Qətər - Ekvador 0:2 (Tural Dadaşov)
21 noyabr
İngiltərə - İran 6:2 (Tural Dadaşov)
Seneqal - Niderland 0:2 (Gündüz Abbaszadə)
ABŞ - Uels 1:1 (Pərviz Musayev)
22 noyabr
Argentina - Səudiyyə Ərəbistanı 1:2 (Elnur Məmmədli)
Danimarka - Tunis 0:0 (Əhməd Əliyev)
Meksika - Polşa 0:0 (Ürfan Məmmədli)
Fransa - Avstraliya 4:1 (Ramiz Mirzəzadə)
23 noyabr
Mərakeş - Xorvatiya 0:0 (Pərviz Musayev)
Almaniya - Yaponiya 1:2 (Tural Dadaşov)
İspaniya - Kosta Rika 7:0 (Ramil Cahangirov)
Belçika - Kanada 1:0 (Gündüz Abbaszadə)
24 noyabr
İsveçrə - Kamerun 1:0 (Ürfan Məmmədli)
Uruqvay - Cənubi Koreya 0:0 (Əhməd Əliyev)
Portuqaliya - Qana 3:2 (Ramiz Mirzəzadə)
Braziliya - Serbiya 2:0 (Pərviz Musayev)
Mirağa