“Klublarımızın rəqiblərindən heç biri tanınmış, Avropanın aparıcıkomandalarından deyil. Ona görə də, onları daha dəqiq analiz etmək olmur. Hər birinə eyni gözlə baxıram”.
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq baş məqşçisi Şahin Diniyev Avroliqada mübarizə aparacaq klublarımızın ilk təsnifat mərhələsindəki rəqibləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, ikinci mərhələyə keçmək üçün rəqiblərə nisbətən komandalarımız daha şanslıdır: “Hər üç klubumuz ikinci mərhələyə keçə bilər. Çünki rəqiblər bizə uyğundurlar. Ancaq klublarımızın növbəti mərhələyə asanlıqla keçəcəklərini demək olmaz. Üstünlük bizim tərəfimizdə ola bilər. Ancaq bu üstünlüyü reallığa çevirmək lazımdır. Ona görə də oyunlaraciddi hazırlaşmaq lazımdır”.
Ş.Diniyev “Qarabağ”ın rəqibi “Metallurq” haqda danışıb. Bildirib ki, 2010/11 mövsümündə “Qarabağ” “Metallurq”u Bakıda 4:1 hesabı ilə məğlub etsə də, buna arxayın olmamalıdır:“Komandalar nəinki illər ərzində, hətta bir ay ərzində dəyişə bilir. Ona görə də, keçmişə yox, irəli baxmaq lazımdır. İndi “Qarabağ” və “Metallurq” tam fərqli komandalardır. Hər iki komandanın heyətində xeyli dəyişiklik olub. Ona görə də o dövrdəki oyunu unutmaq lazımdır. Onu da deyim ki, “Qarabağ” “Metallurq”u keçmək gücündədir”.
Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi” haqda da danışan təcrübəli mütəxəssis ölkə çempionumuzun da işinin çətin olmayacağını qeyd edib: “Albaniya komandası olan “Skenderbeu” “Neftçi”nin “dişinə” görə rəqibdir. Yəni “Neftçi” ikinci mərhələyə keçməlidir. Ancaq oyunu çox ciddiyə almaq lazımdır. Çünki rəqibi yaxşı tanımırıq. Analiz edə bilmədiyin klubla oyun çətin alınır”.