Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında I divizondakı qayda pozuntuları da müzakirə edilib. Fanat.az xəbər verir ki, XXIV turun 3 oyunu bu baxımdan diqqət mərkəzində olub.
Turun mərkəzi görüşü Naxçıvanda keçirilib. “Araz Naxçıvan” – “Neftçala” oyununda meydan sahiblərinin futbolçusu Bəxtiyar Soltanov 16-cı dəqiqədə etdiyi aqressiv hərəkətinin güdazına gedib. O, birbaşa qırmızı vərəqə alıb və 4 oyun meydana çıxa bilməyəcək.
Qusarda keçirilməli olan “Şahdağ” – “Bakılı” matçı haqda gözlənilən qərar çıxarılıb. Belə ki, avtobusu yolda xarab olduğu üçün ölkəmizin şimalına gedə bilməyən və bu barədə PFL rəhbərliyinə xəbər etməyən “Bakılı” 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
“Mil-Muğan”ın futbolçusu Elşən Hacıyev də Bəxtiyarın aqibətini yaşayıb. O, İmişlidə “Turan-T” ilə baş tutmuş görüşün 85-ci dəqiqəsində aqressiv hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 4 oyunluq diskvalifikasiya olunub.
Qeyd edək ki, həm “Araz Naxçıvan”, həm də “Mil-Muğan” futbolçularına görə AFFA-ya 400 manat ödəməlidi.
Fanat.az