"Böyük sevinc və qürur hissi ilə, əminliklə demək olar ki, ölkəmizdə daha bir beynəlxalq yarış - futzal üzrə UEFA kubokunun final mərhələsi yüksək səviyyədə təşkil olundu. İlk növbədə, bu oyunların təşkilini AFFA-ya həvalə etdiyinə görə UEFA-ya təşəkkürümü bildirirəm". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Asossiasiya rəhbəri Bakıda keçirilmiş futzal üzrə UEFA kubokunun final mərhələsi barədə fikirlərini bildirib: "Dördlər finalı"nın Bakıda təşkil olunacağı ilə bağlı qərar verildikdən dərhal sonra hazırlıq işərinə başlandı və sevindirici haldı ki, oyunlar bütün parametrlərə görə standartlara uyğun şəkildə həyata keçirildi. Final mərhələsinə yüksəlmiş "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan), "Barselona" (İspaniya) və "Araz"ın iştirakı ilə azarkeşlər çox maraqlı oyunların şahidi oldular. Final mərhələsində bizim üçün daha bir sevindirici məqam təmsilçimiz "Araz"ın üçüncü yeri tutaraq mükafatçılar sırasında yer tutması oldu".
Abdullayev 2 il sonra 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsini də yüksək səviyyədə təşkil edəcəklərini deyib: "Dördlər finalı"nın yüksək səviyyədə təşkili bizdə bir daha əminlik yaratdı ki, 2016-cı ilə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı istər UEFA-nın, istər iştirakçı komandaların, istərsə də azarkeşlərin ürəyincə olacaq".
"Futzal üzrə UEFA kubokunun final mərhələsinin təşkilində böyük əmək sərf etmiş UEFA və yerli təşkilat komitəsinə, AFFA-nın əməkdaşlarına, turnirin təbliğində zəhməti olan mətbuat nümayəndələrinə, oyunların keçirildiyi Sərhədçi İdman Olimpiya Mərkəzinin rəhbərliyini və bütün kollektivinə, oyunları tribunadan izləyərək komandaları qələbəyə ruhlandıran azarkeşlərə təşəkkürümü bildirirəm" deyə AFFA prezidenti bildirib.
Fanat.az