Milli komandamızın futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu Almaniya Bundesliqa klubu “Hannover 96” yeni mövsümün hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, almanlar artıq ilk yoxlama oyununu da keçirib.
Hannover təmsilçisi həvəskar komanda olan “Berenbostel”lə qarşılaşıb. Gözlənildiyi kimi, darmadağın gerçəkləşib. Gökdəmirin komandası rəqibinə hər hissəyə 7 qol vuraraq 14:0 hesabı ilə qalib gəlib. Futbolçumuz meydana fasilədən sonra daxil olub. O, sol cinah müdafiəçisi Kristian Panderi əvəzləyib.
Qeyd edək ki, Əli Gökdəmirin komandası bu gün növbəti yoxlama oyununu keçirəcək. “Hannover 96” bu dəfə “Krehenvinkel Kaltenvayde”nin qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.