“Xəzər Lənkəran” klubunun futbolçusu Uğur Pamukun apasport.az saytına müsahibəsi
- Azərbaycana gəlməzdən öncə, hansısa komandamızı tanıyırdız?
- Əlbəttə. Amma yalnız 3 komanda - “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ” haqda eşitmişdim. Hətta “Qarabağ”ın Avropa Liqasında Dortmundda “Borussiya” ilə oyununa da baxmışam.
- Təklif alsanız, “Neftçi”yə keçərsiz?
- Heç vaxt. Klubsuz qalaram, amma “Neftçi”də oynamaram.
- Niyə?
- Çünki millinin düşərgəsində olanda bu komanda haqda o qədər pis şeylər eşitmişəm ki... Futbolçulara qarşı pis münasibət bəsləyirlər.
- Almaniyadakı təlim-məşq toplanışını necə dəyərləndirərdiniz?
- Yaxşı keçdi. Ağır məşqlərimiz oldu. Bu, Avropa Liqası oyunu öncəsi bizə lazım idi.
- Hazırlıq vətəninizdə keçdi. Bu amilin sizin üçün hansısa fərqi oldumu?
- Düzdü, Almaniyada doğulub-boya başa çatmışam. Əlbəttə, mənim üçün rahat idi.
- Komanda artıq Maltadadır. “Slima” ilə sabah baş tutacaq oyunla bağlı nə düşünürsünüz?
- Bütün konsentrasiyamızı bu matça yönəltmişik. Qalib gəlmək istəyirik və hər kəs bunun üçün çalışacaq. Çalışacağıq ki, Lənkərana yaxşı nəticə ilə qayıdaq.
- Yaxşı nəticə deyəndə, məsələn, hansı hesab?
- 2 top fərqi ilə qələbə. O zaman Lənkəranda daha rahat oynayarıq.
- Amma rəqib də qarşılaşmaya ciddi hazırlaşır...
- “Slima” öz meydanında oynadığından, qələbə üçün var gücü ilə çalışacaq. Bizim üçün daha çətin olacaq. Çünki maltalılar meydanda pressinq edəcəklər. Ancaq biz rəqibdən qorxmuruq.
İdman24.az