Rusiyanın Kazan şəhərində keçiriləcək 27-ci Ümumdünya Yay Universiadasında çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 6-dan 17-nə qədər davam edəcək yarışda 10 ağırlıq qaldıranımız çıxış edəcək.
Azərbaycanın ağır atletika yığmasının baş məşqçisi Zlatan Vanev və məşqçi Xanlar Nəbiyev 6 kişi və 4 qadın idmançını yarışa aparacaq. Kişilərin yarışında Yuri Dudoqlo 62 kq, Firudin Quliyev 69 kq, Nicat Rəhimov 77 kq, Elxan Əliquluzadə 77 kq, Nailxan Nəbiyev 94 kq, Aluda Manaqadze 105 kq çəki dərəcəsində çıxış edəcək.
Qadınların mübarizəsində isə Yuliya Derkaç 53 kq, Kristina Yovu 58 kq, Alyona Kiriyenko 69 kq, Tatyana Varlamova isə +75 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Universiadada ağır atletika üzrə yarışlar iyulun 7-12-də keçiriləcək.
Qeyd edək ki, 170-dən çox ölkənin qatılacağı Universiadada 27 idman növü üzrə medallar uğrunda mübarizə gedəcək.
İdman24.az