“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, daha öncə Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan və Ruslan Abışovu rənglərinə bağlayan "qırmızı-qaralar" Cavid Hüseynovu da sıralarına qatıb.
Ötən mövsüm "Bakı"da top qovan yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Hüseynov yeni komandasında 14 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl "Bakı"dan ayrılan Cavidin "İnter"ə keçəcəyi deyilirdi. Hətta futbolçu özü də "bankirlər"lə müqavilə bağlayacağını demişdi.
9 mart 1988-ci ildə anadan olan Cavid peşəkar futbolçu karyerasına 2004-cü ildə "Turan"da start verib. Hüseynov daha sonra MOİK, "Olimpik", "İnter", "Neftçi", "Adana Dəçmirspor" (Türkiyə) və "Bakı" kimi klubların şərəfini qoruyub. "Bakı"ya "Adana Dəmirspor"dan keçən futbolçu paytaxtın eyniadlı klubunda 44 oyun keçirib 9 qol vuran futbolçu 2008-2009-cu illərdə "İnter"də top qovub (29 oyun, 3 qol). Hüseynov Azərbaycan milli komandasının heyətində 37 oyun keçirib və 1 qola imza atıb.
Fanat.az