Azərbaycanın stolüstü tennisçiləri Xədicə Babazadə və Vaqif Babayev məşqçi Gülnarə İbrahimovanın rəhbərliyi ilə Avropa Stolüstü Tennis İttifaqının təşkil etdiyi beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Fanat.Az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Latviyanın paytaxtı Riqada təşkil olunan hazırlığa qitənin istedadlı yeniyetmə stolüstü tennisçiləri dəvət alıblar.
“Prospektus – Eurotalents Selection Camp” seçim xarakteri daşıyır. İdmançılar avqustun 10-dək davam edəcək hazırlıq prosesinin sonunda keçirilən turnirdə də bacarıqlarını göstərəcəklər. Fərqlənən stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşqlərə vəsiqə qazanacaqlar.