"Əslən azərbaycanlı olduğumu qeyd etməliyəm. Doğma nənəm Bakı şəhərində anadan olub və sonralar Cənubi Azərbaycana köçüblər. Nənəm və valideynlərim doğma dilimizdə sərbəst danışa bilirlər". Bu sözləri "Sumqayıt"ın yeni futbolçusu Kiyan Sultanpur deyib.
Almaniyanın "Berliner Ak" klubundan gələn futbolçu "Sumqayıt"la 2 illik müqavilə imzalayıb. Klubun rəsmi saytına açıqlama verən Kiyan Azərbaycana gəlişindən danışıb: "Azərbaycanlı olduğumu bildiyimdən bura haqqında kifayət qədər məlumata malikəm. Yaxın dostum Pərdis Fərcad-Azaddan Azərbaycan futbolu və Sumqayıt haqqında çox şey eşitmişəm. Klubun rəhbərliyi mənimlə əlaqə saxlayanda çox sevindim. Azərbaycana gəlməyi çox istəyirdim. Bu səbəbdən razılıq əldə olunduqdan sonra dərhal komandaya qoşuldum. "Qarabağ"la keçirilmiş ilk oyunu canlı izlədim. Məğlub olmağımıza baxmayaraq, gənclərdən qurulmuş döyüşkən kollektivimiz var. Ümid edirəm ki, "Sumqayıt"da özümü yaxşı tərəfdən göstərib Azərbaycan millisinə dəvət alaram".
Qeyd edək ki, karyerasına "Union Berlin" klubunun A2 (91 oyun, 54 qol) komandasında başlayan Sultanpur 2011-2013-cü illər ərzində Dortmund "Borussiya"sının A2 komandasının formasını geyinib. O, çıxdığı 22 görüşdə 3 qol vurub. 2013-cü ildə "Saarbrücken" FK-dan "Berliner Ak"a transfer olunan Sultanpur son mövsümdə 27 qarşılaşmada 11 qola imza atıb.
Fanat.az