Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması baş tutub.
Fanat.Az xəbər verir ki, tarixi nəticə ilə yadda qalan yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olub.
Təmsilçimiz həlledici qarşılaşmada Maltanı 6:2 hesabı ilə yenib.
Qeyd edək ki, iyunun 5-də start götürən turnirdə 6 ölkə – Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edib.
Püşkatma nəticəsində Azərbaycan milli komandasının ilk oyunu Türkiyə yığması ilə olub və komandamız bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.
Yarımfinal mərhələsində isə milli komandamız Macarıstan yığmasına qarşı mübarizədə üstünlüyünü davam etdirərək 4:0 hesablı qələbə qazanıb.
Beynəlxalq çövkən təqviminə əsasən, növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda Asiya, sentyabrın sonunda Nigeriyada Afrika və noyabr ayında isə Buenos-Ayresdə Cənubi Amerika çempionatları keçiriləcək.