"Rəvan”ın baş məşqçisi Ramil Əliyev "Futbol+” qəzetinə müsahibəsində planları, yeni transferlər və bir sıra digər məsələlər haqqında danışıb.
- "Qaradağ Lökbatan”la sülh bağladız…
- Futbolçularımızın əksəriyyəti hərbiçilər arasında keçirilən DÇ-yə dəvət aldığından tam heyətlə hazırlaşa bilmirik. Bu üzdən əvəzedicilərdən bir neçə futbolçu dəvət etmişik. Yetirmələrimin yorğunluq fonunda sərgilədiyi oyundan tam razıyam. Müəyyən çatışmazlıqlarımız var ki, onları çempionat başlayana qədər aradan qaldırmağa çalışacağıq.
Heyətdə yeni futbolçulara rast gəldik. Onlar haqda fikirləriniz necədi? - Yenilərin hazırlığı hələ ki, məni tam qane etmir. Hiss olunurdu ki, qapı xəttində problemlər var. Getdikcə bunu yoluna qoyacağıq. Mehdi Mehdiyevi "Qaradağ Lökbatan”dan baxışa dəvət etmişik. Bu gün qol vurmasına baxmayaraq, "Rəvan”ın oyun üslubuna uyğun futbol sərgiləmədi. Növbəti məşqlərdə ona şans verəcəyik. Bir də "Sumqayıt”dan gələn Şamil Cəmaləddinovu qeyd etmək istəyirəm. Yığmamızın üzvüdü, böyük ehtimalla yaxın günlərdə onunla müqavilə bağlayacağıq.
- Artıq 15-16 gündü toplanışa başlamısız. Təəssüratlarınız necədi?
- Müəyyən çətinliklər üzündən komanda tam şəkildə hazırlaşa bilmir. Ümumilikdə toplanışımız normal keçir. Uşaqlar həvəslə məşq edir, əhval-ruhiyyə yaxşıdı. Çempionatda tam başqa "Rəvan” görəcəksiz.
- Artıq 5-6 yerli futbolçunu "rənglərinizə bağlamısız”. Belə görünür, öncə yerli futbolçuların məsələsini həll etmək istəyirsiz. Davamı gələcək?
- Bundan sonra bizi qane edən 2-3 yerli futbolçu almaq niyyətindəyik. Eyni zamanda bir neçə legioner də transfer edəcəyik. Heyət hələ tam komplektləşməyib.
- Sizcə, yeni futbolçular "Rəvan”ı gücləndirəcək səviyyədədimi?
- Əlbəttə, onlara inanıb, böyük ümidlərlə gətirmişik. Hamısı tanıdığımız futbolçulardı. İnanıram ki, çempionat boyunca onlar bizə böyük kömək göstərəcək.
- Bəxtiyar Soltanovun son vaxtlar oynadığı komandalarda karyerası uğurlu alınmayıb...
- İnanıram ki, Bəxtiyar bu mövsüm bizə çox kömək edəcək. Onun potensialına bələdəm. Yenə deyirəm, hamısı tanıdığımız futbolçulardı. Düzdü, son illər o qədər də uğurlu çıxış etmir. Buna baxmayaraq, onun potensialını açmağa çalışacağıq.
- Özünüz də qeyd etdiz ki, qapı xəttində problemlərimiz var. Bunu necə həll etməyə çalışacaqsız?
- Əsas qapıçımız Lukaş Sapelanın çiynində zədəsi var. Yoldaşlıq görüşü olduğu üçün ona şans vermədik. Əvəzində bu gün Fuad Əhmədov meydana çıxsa da, ilk hissədə yüngül zədələndi. Bir qapıçı götürmək ehtimalımız var.
- Fuadı ikinci qapıçı kimi gətirmisiz?
- Xeyr, bizdə "birinci, ikinci” anlayışı yoxdu. Kim hazır olacaqsa o da oynayacaq. Fuad Lukaşla rəqabət apara biləcək səviyyədədi. Amma son vaxtlar oyun praktikasından əziyyət çəkir. Özünü göstərmək üçün qarşıdakı oyunlarda ona şans yaradacağıq.
- Legionerlərlə bağlı planlarınız necədi?
- Bir stopper və Kalonasın əvəzinə pleymeyker almaq istəyirik. Bir neçə namizəd var, onları həm Bakıda, həm də Sloveniyada baxışdan keçirəcəyik.
- Dörd legioner dəvət etsəz də, onlardan yalnız Yovan Vidoviç qalıb. "Maribor”un sabiq müdafiəçisindən razısız?
- Hələ ki bizi qane edir. Yaxın günlərdə onunla bağlı qərarı açıqlayacağıq. Digər futbolçulardan Denis Haliloviçlə, Aleksandr Yatsenkonun hazırlıq səviyyəsi aşağı idi. Matias Xesus Kordobaya gəlincə, fiziki hazırlığı yerində deyildi. Özünə tam gəlməsi və 90 dəqiqə mübarizə aparması üçün ona iki ay vaxt lazım idi. Bizim isə bu qədər vaxtımız yoxdu. Ona görə də daha yaxşısını axtarmaq üçün Kordobanı geri göndərdik.
- O, qışda da "Rəvan”da baxışda olub, amma, dizindəki zədəsi ucbatından heyətə götürməmisiz...
- Düzdü. Həm də çempionata az qaldığı üçün Kalonasla müqavilə imzaladıq.
- Kalonasın "Bakı”ya keçidini "Rəvan” üçün böyük itki saymaq olar?
- Xeyr, əvəzedilməz futbolçu yoxdu. Biz komanda şəklində güclü olmalıyıq. "Rəvan” hər hansı futbolçudan asılı deyil. Yenə də heyətə legioner dəvət edəcəyik. Ümumiyyətlə, transfer xətrinə transfer etmək istəmirik. Azərbaycana daha səviyyəli futbolçular gəlməlidi. İddialıyıqsa, məhz belə etməliyik. Bundan sonra daha 4-5 legioner gətirmək niyətindəyik. Siyahıda olanlar arasında yığma üzvləri də var. - Təkcə stopper və pleymeyker mövqelərindəki boşluqlar sizi narahat edir? Başqa gücləndirilməli olan mövqeləriniz hansılardı?
Sırf bu mövqelərə legioner götürmək istəyirik. Ümumiyyətlə, legionerlərlə yerliləri bölmək istəməzdim. "Rəvan”ın bir ailə kimi olması vacibdi. Sadəcə, yaxşı legionerlər axtarırıq ki, komanda daha da irəli getsin.
- Növbəti mövsüm üçün qarşıya hansı hədəflər qoyulub?
- Biz həmişə iddialı olmuşuq. Çempionat zamanı müəyyən stabillik çatışmırdı. Hədəfimiz ilk "beşlik”də yer almaqdı. Artıq futbolda da sözümüzü deməliyik.
- Mövsüm bitəndən sonra sizin də komandadan göndəriləcəyiniz, daha iddialı məşqçinin gətiriləcyi deyilirdi...
- İşimi davam etdirirəm. Rəhbərlikdən hələ narazılıq eşitməmişəm. Bizdə bu sistem bir qədər fərqlidi. Hədəfə çatmasam, yaxud yavaş-yavaş uzaqlaşdığımı görsəm, özüm istefa verərəm. Amma yenə deyirəm, hələ ki, mənə irad bildirilməyib. İddia məsləsinə gəlincə, mənə iddiaölçən aparat göstərə bilərsiz? Şübhəsiz, hamı yüksək yerlər üçün oynamaq istəyir. İşdən qorxsaydım, qol qoymazdım. İnanıram ki, bu heyətlə istədiyimiz hədəflərə çatacağıq.
İdman24.az