Belçikanın “Kortrijk” klubunun hücumçusu Ernest Nfor yenidən “Neftçi”nin düşərgəsinə qayıdıb. Azerisport.az xəbər verir ki, o, hətta bu gün komandanın Almaniya “Dinamo”su (Drezden) ilə yoxlama matçının start heyətində yer alıb.
Paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanov saytımıza açıqlamasında bəyan edib ki, Nforla danışıqlar həlledici mərhələdədi: “Hazırda sadəcə Nforun keçmiş klubu ilə müqaviləsi məsələsi açıq qalır. Əgər tərəflər bu məsələni də yoluna qoysa, o zaman Nforla müqavilə bağlayacağıq”.
Qeyd edək ki, Nfor bir müddət öncə də “Neftçi”nin düşərgəsində olmuş, məşqlərdə və yoxlama oyunlarında iştirak etmişdi. Lakin Azərbaycan çempionu onu yalnız bir şərtlə transfer edəcəyini bildirmişdi: futbolçu “Kortrijk”lə müqaviləsinin ləğvinə nail olsa. Çünki Belçika klubu Nfora görə “Neftçi”dən 250 min avro tələb edirdi.
Bu məsələni yoluna qoymaq üçün Belçikaya yollanan kamerunlu forvard orda müxtəlif əlavə problemlərlə üzləşdi. Belə ki, “Kortrijk” onu “Neftçi”yə havayı buraxmaq istəmədiyini və digər klublara satmaqda maraqlı olduğunu açıqladı. Belçika mətbuatı isə Nforun onu buraxmayacaqları halda klubun baş direktorunu və baş məşqçisini ölümlə hədələdiyini iddia etdi.
İdman24.az