"Simurq" Premyer Liqanın VII turunda "Sumqayıt"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, artıq hər iki baş məşqçi start heyətini açıqlayıb.
"Simurq"un gürcü çalışdırıcısı Georgi Çixradze "Qarabağ" matçı ilə müqayisədə iki dəyişiklik edib. Ötən tur səhhətində problem olduğu üçün oynamayan İlkin Qırtımovla yeni transfer Lukas Tresnak "11-liy"ə qayıdıb. Onların əvəzində Patrik Osiako və Məhərrəm Hüseynov ehtiyata düşüb.
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov isə AZAL-la yenildikləri matçın start heyətində yer almış 4 nəfəri dəyişməli olub. Sarı vərəqə limitini dolduran Bəxtiyar Həsənalızadə məcburiyyətdən kənarda qalıb. Ondan başqa Tərzin Cahangirov, Kiyan Sultanpur və Təvəkkül Məmmədov da start heyətində yer almayıb. Əvəzində Orxan Əliyev, Ramazan Abbasov, Tofiq Mikayılov və Murad Ağayev ilk dəqiqələrdən oynamaq imkanı qazanıb.
Fanat.az