Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Albaniya çempionu “Skenderbeu” klubunun sabah keçiriləcək ilk oyunda meydana çıxacağı “11-lik” müəyyənləşib. Apasport.az saytının məlumatına görə, alban həmkarlarımız baş məşqçi Mirel Yosanın güvənəcəyi futbolçuları müəyyənləşdirib.
Korça təmsilçisi 8-ci km stadionuna 4-5-1 sxemi ilə çıxacaq. Düzdür, cinah yarımmüdafiəçilərinə böyük ümid bəsləyən çalışdırıcı hücumlar zamanı sistemin 4-3-3-ə çevriləcəyinə bel bağlayır.
Yosa həmişəki kimi qapıda yenə Orqes Şehiyə güvənəcək. “Neftçi”nin hücum futbolu oynayacağını nəzərə alsaq daha çox işi olacaq müdafiə xəttində əsasən legionerlər yer alacaq. Müdafiənin mərkəzində xorvatiyalı Marko Radas və serb İvan Qvozdenoviç qərarlaşacaq. Bakılıların cinah həmlələrini isə solda Renato Arapi, sağda isə braziliyalı Ademir Ribeyro Souza dayandırmalı olacaq.
“Neftçi”nin çox güclü olduğu yarımmüdafiədə uduzmamaq üçün albaniyalılar orta sahədə çoxluq yaratmağa çalışacaq. Komandanın kapitanı Bledi Şkembi də orta sahədə mübarizə aparacaq. Mərkəzdə ona Sabiean Lilay və nigeriyalı Nureddin Orelesi kömək edəcək. Cinahlarda yer alacaq Jetmir Sefa ilə Gilman Lika hücumlarda ön xətdə tək olan xorvat Pero Pejiçə kömək etməlidir.
İdman24.az