Hindistan Super Liqasına start verilib. Fanat.az xəbər verir ki, bir çox ulduz futbolçunun transferi ilə gündəmə gələn çempionatda Azərbaycanda oynamış futbolçu da çıxış edir.
Belə ki, "Bakı"nın sabiq üzvü Koke "ulduzlar liqası"na üz tutub. İspan futbolçu "Nort East Yunayted" klubuna keçib. Onun komandası ilk turda "Kerala Blasters"i 1:0 hesabı ilə yenib. Matçın yeganə qoluna 45-ci dəqiqədə Koke imza atıb.
Qeyd edək ki, tam adı Serxio Kontreras Pardo olan ispan hücumçunun 31 yaşı var. Karyerası ərzində İspaniyanın "Malaqa", "Rayo Vallekano", Fransanın "Olimpik" (Marsel), Portuqaliyanın "Sportinq", Yunanıstanın "Aris", ABŞ-ın "Huston Dinamo" klublarında çıxış etmiş Koke 2011/12 mövsümünün ikinci yarısında "Bakı"nın formasını geyinib. O, ölkəmizdə 15 oyun keçirib, 1199 dəqiqə oynayıb və 4 qol vurub. İspan hücumçu "Bakı"dan ayrılandan sonra Almaniyanın "Reqensburq" və Boliviyanın "Bloominq" klublarında çıxış edib.
Fanat.az