Futbol üzrə Azərbaycan millisinin və Türkiyənin "Orduspor" klubunun hücumçusu Branimir Subasiç yeni komandası və buradakı hədəfləri haqda danışıb. Azerisport.az xəbər verir ki, serb əsilli “həmyerlimiz” “Orduspor”a keçməzdən əvvəl “Qarabağ”dakı komanda yoldaşı Muarem Muaremdən məlumat aldığını deyib:
"Burada bazalar çox gözəldi. Bir neçə gün əvvəl şəhəri gəzməyə fürsət tapa bildim. İnsanlar çox mehribandılar. Səmimi deyə bilərəm ki, Ordunu sevdim".
Azərbaycan milli komandasının hücumçusu bildirib ki, əsas məqsədi klubun yenidən Super Liqaya çıxmasına kömək etməkdi: "Meydandan özümü hər kəsə göstərəcəyəm. Azarkeşlər mənim necə oyunçu olduğumu görəcəklər. Əlimdən gələn hər şeyi edəcəm. Amma unutmayaq ki, futbol komanda oyunudu. Əgər hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirsək, yaxşı uğurlar əldə edəcəyik. "Orduspor"un yenidən Super Liqaya qayıdacağına inanıram" .
Qeyd edək ki, Subaşiç bu yay Türkiyə klubu ilə iki illik müqavilə imzalayıb.
İdman24.az