"Yaxşı oyun sərgiləməyə, Serbiyada güclü futbol məktəbinin olduğunu ortaya qoymağa çalışacağıq". Fanat.Az xəbər verir ki, bu sözləri “Mladost”un baş məşqçisi Nenad Milovanoviç deyib.
Avroliqanın I təsnifat mərhələsində öz meydanında “İnter”ə 0:3 hesabıyla uduzan Luçani təmsilçisi sabah “Dalğa Arena”da cavab görüşünü keçirəcək. Oyundan əvvəl düzənlənən ənənəvi mətbuat konfransında Milovanoviç fikirlərini bölüşüb: “Serbiyanın orta səviyyəli komandalarından sayılırıq. İlk dəfədi avrokuboklarda iştirak edirik. Bilirdik ki, “İnter” təcrübəli komandadı. Onların yüksək səviyyəli 3 hücumçusu var: Nizami Hacıyev, Rauf Hacıyev və Pərdis-Fərcad Azad. Rəqibin sürətli hücumlar quracağını gözləyirdik. Birinci oyunda bizim də təhlükəli hücumlarımız oldu. Ancaq “İnter” əlinə düşən imkanlardan səmərəli istifadə etdi və qələbə qazandı.Skarlatakenin cərimə zərbəsindən vurduğu qollar çox gözəl alındı. Qapıçının topu qaytarmaq şansı, demək olar ki, yox idi. Rauf Əliyevin qoluna gəlincə, bu, “Mladost”un son 15 ildə buraxdığı ən gözəl qol idi. İlk matçdakı nəticədən sonra cütün favoriti “İnter”di. Rəqib doğma arenada oynayacaq və daha şanslıdı. Biz də uğur qazanmaq üçün bacardığımızı edəcəyik. Bakıya meydanda ora-bura qaçmaq üçün gəlməmişik. Futbolda hər şey olur. Ümidimizi itirmirik".
Fanat.Az