"Qarabağ" UEFA tərəfindən cəzalandırıla bilər. Buna səbəb Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində dünən Bakıda keçirilən “Piast”la matçda “Qarabağ” azarkeşlərin meydançaya partlayıcı maddə olan petarda atması olub.
Qol.Az saytına açıqlamasında bu məsələyə “Qarabağ”ın meneceri Asif Əsgərov bildirib ki, azarkeşlərin bu hərəkətinə görə klubu ciddi cəza gözləmir: “Buna görə klub maksimum pul cəriməsi ilə cəzalandırıla bilər. Futbola gözəllik verən azarkeşlər çox vaxt belə edir. Bunun da cəzasını klub çəkir”.
Qeyd edək ki, avrokuboklarda bu kimi hərəkətlərə görə kluba ev oyunlarını azarkeşsiz keçirməsi kimi təcrübə də var.
A.Əsgərov isə deyib ki, azarkeşsiz oyun keçirmək və bu kimi cəzalardan söhbət gedə bilməz: “Pul cəriməsinin verilməsi UEFA-nın qərarından asılıdır. Əgər UEFA nümayəndələri yazdığı raportda məsələni şişirtməyibsə, cəza verilməyə də bilər. Bir həftə ərzində belə məsələlərlə bağlı qərar çıxarılır”.
Klub rəsmisi bu hadisəyə baxmayaraq, azarkeşlərdən razılığını bildirib: “Azərkeşlərə sözüm odur ki, gəlsinlər, komandaya dəstək versinlər. İlk oyunla müqayisədə dünən daha çox azarkeş var idi. Komandamız möhtəşəm dəstək hiss etdi. Buna görə onlara təşəkkür edirik. Ancaq elə etmək lazımdır ki, kluba da ziyan dəyməsin. Kluba cəza gətirəcək hərəkətlərdən çəkinmək lazımdır”.
İdman24.az