Taktiki dəyişikliyə ehtiyac qalmadı
Meydana məlum səbəbdən eksperimental heyət çıxaran Qurban Qurbanovun komandası zəif rəqibi oyun tərzinə sadiq qalaraq 4 cavabsız qolla üstələdi. Hər hissədə 2 qol vuran ağdamlıların çalışdırıcısının hansısa taktiki dəyişikliyə əl atdığından danışmağa dəyməz. Buna heç ehtiyac da olmadı.“Köhlən atlar” ənənəvi 4-5-1-lə naxçıvanlılara heç bir şans vermədi. Başda gənc Şəhriyar Əliyev olmaqla heyətə düşməyə çətinlik çəkənlərə forma şansı verən Qurbanovun yetirmələrinin Avroliqa oyunu ərəfəsində yaxşı məqş etdiyini söyləməliyik.
Əsədovdan effektli əvəzləmələr
AZAL-ın “Neftçi”yə uduzması gözlənilən idi. Amma bu hesabla yox! “Təyyarəçilər”in qapısına 4 qol vuran flaqmanın çalışdırıcısı start heyətində dəyişikliklərə əl atmışdı. Cəzalı Erik Ramosun yoxluğunda dayaq yarımmüdafiəçisi mövqeyində Mirhüseyn Seyidovla Kauenin yanaşı oynamasını istəyən Arif Əsədov Elnur Allahverdiyevin adını “18-liy”ə salmamışdı. Xətti müdafiənin solunda Denis Silvaya güvənən mütəxəssisin düzgün seçimi sözügedən braziliyalının oyunda ən yüksək qiymətə layiq görülməsiylə təstiqini tapmış sayılır. Culius Vobaydan oyun qurucusu ampluasında istifadə edən Arif bəyin ikinci hissədə həyata keçirdiyi əvəzləmələrin effektli alındığını da qabartmalıyıq. Ernest Nforun yerinə döyüşə atılan Nikolas Kanales dublla “qol orucu”nu pozdusa, gənc Elşən Abdullayevin 3-cü qolda müstəsna xidməti oldu. Məhz Elşənin dirəkdən dönən zərbəsini uğurla tamamlayan Nikolas “siftə” imkanını boşa vermədi. Düzdü, bərbad oyunla diqqət mərkəzinə düşən AZAL 82-ci dəqiqədən azlıqda oynadı. Lakin bunadək hesabın 3:0 olması da faktdı.
Gözlənilən yüksəliş
Hələ “Qarabağ”a 2:3 hesabıyla uduzduğu oyunun ikinci yarısında yaxşı komanda olduğunu oyunuyla isbatlayan lənkəranlılar “Simurq”u “doğma divarlar” arasında yenməklə “artırdığını” göstərdi. Hə, müdafiədə ehtiyatlı oynamağı qarşısına məqsəd qoyan qonaqların künc zərbəsindən sonra hesabı başla açması Oğuz Çətinin yetirmələrinin işini çətinə saldı. Bunadək meydanın mərkəzində fəallığıyla diqqət çəkən Alfred Sankonun zədələnməsi də Zaqatala təmsilçisinin işinə yaramışdı. İstənilən halda, cənublular fasiləyə bərabərliklə yollanmağı bacardı. Rahid Əmirquliyevin qələbə qolundan sonra isə lənkəranlıların qapıçısı Marko Stanoyeviçin hiyləgər vuruşunu inamla zərərsizləşdirərək komandasının köməyinə çatdı. əvəzləmələrə diqqət yetirsək, Georgi Çixradzenin 75-ci dəqiqədə hücumu gücləndirdiyini görərik. Hərçənd dayaq yarımmüdafiəçilərindən birini ixtisara salaraq Oruc Balaşlıya “çıx, oyna” deyən gürcünün ikiforvardlı sistemə keçməsi uğurlu sonuc gətirmədi. Samir Zərgərov ona heç kim mane olmadığı təqdirdə topu kənara vurmasaydı, xilas cəhdləri Çixradzeyə 1 xal qazandırardı.
Əzmkarlığın dəyəri - xal
Vərəqə bolluğuyla yadda qalan oyunda hesabı 5-ci dəqiqədə açan “Qəbələ”nin heç-heçəylə (1:1) kifayətlənməsi “Bakı” adına gerçək əzmkarlıq nümunəsidi. Tempi artırmaq, “sürüşkən hesab”I aradan qaldırmaq əvəzinə, vurduğu qolun ardından “yatan” meydan sahibləri bir də “zolaqlılar” bərabərlik topunu vuranda “ayıldı”. Ancaq ikinci hissədə əks-hücumlara bel bağlayan “şəhərlilər” evə xalla dönməyi bacardı.73-cü dəqiqədən hücumda canlanma yaratmağa hesablanmış dəyişikliklərə start verən Dorinel Muntyanunun çabaları effekt vermədi. 90-cı dəqiqədə “Bakı”nın futbolçusu Elşad Manafovun aldığı “qırmızı” isə xal arzusunun böyüklüyünü göstərir.
Təzyiqlər zəfərə yetmədi
72-ci dəqiqəyə qədər 5-4-1 taktiki sxemiylə “Sumqayıt”a qol vura bilməyən “İnter”in baş məşqçisi Yohan Bokonyano – Elvin Məmmədov əvəzləməsiylə xətti müdafiəyə keçdi. Amma Kaxaber Tsxadadzenin qələbə istəyi artan təzyiqlər, qol arayışları fonunda reallaşmadı. İnamla müdafiə olunan “Sumqayıt” ardıcıl 5 məğlubiyyətdən sonra xala sevindi.
NİHAT, “Futbol+”