Bir neçə ildi dünya mətbuatının gündəmindən düşməyən Neymarın transferi nəhayət reallaşıb. İdman24.az xəbər verir ki, «Santos»un ulduzu «Barselona»ya keçib.
Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, braziliyalı ulduzla 5 illik razılıq əldə olunub.
21 yaşlı futbolçu özü isə 9 il oynadığı «Santos» klubuna və azarkeşlərinə «Twitter» və «Instagram»dakı səhifələrində təşəkkür edərək, bazar ertəsi «Barselona» ilə rəsmi müqavilə imzalayacağını bildirib. Neymar Braziliya çempionatının ilk həftəsində sonuncu dəfə «Santos» forması geyinmək istədiyini deyib: «Bir daha meydanda olub, azarkeşlərimi bir daha adımı söylərkən görmək istəyirəm. Bu mənim üçün xüsusi an olacaq. Vidalaşdığım üçün məyusam, yeni bir macəraya başladığım üçün isə xoşbəxt».
Qeyd edək ki, 2003-cü ildən «Santos»da çıxış edən Neymar 2009-dan A komandasının formasını geyir. Bu müddətdə 224 oyuna çıxan futbolçu 136 qol vurub. O, 32 dəfə forma geyindiyi Braziliya millisində də 20 qola imza atıb.
İdman24.az