“Simurq” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi sözügedən ölkədə hazırlıq çərçivəsində bu gün üçün yoxlama oyununa çıxacaq.
İyulun 16-da Yunanıstan çempionu “Olimpiakos”a (1:2) məğlub olan, 3 gün sonra “Neftçi”nin Avroliqanın pley-off mərhələsində kənarlaşdırdığı Kiprin APOEL klubu ilə görüşü təxirə salınan, 2 gün bundan əvvəl isə “İstanbul BB” ilə sülh bağlayan zaqatalalılar bu dəfə Türkiyənin 4 ən böyük klubundan biri olan "Beşiktaş"la qarşılaşacaq.
“Simurq”un “qara-qartallar”la oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüş isə Avstriyanın Leinz şəhərində keçiriləcək.
Qeyd edək ki, baş məşqçi Georgi Çixradzenin yetirmələri Türkiyə toplanışı zamanı 3 oyunda qüvvəsini sınayıb. Əvvəlcə “Simurq” “Spartak-Nalçik”ə (1:0) uduzub. Təmsilçimiz ikinci matçda “Dila” (3:3) ilə heç-heçə edib. Zaqatalalılar son oyununda da Gürcüstan klubu ilə qarşılaşıb. Bu oyunda da qalib müəyyənləşməyib - 1:1.
Yoxlama oyunu
24 iyul
21:00. “Simurq” (AZƏRBAYCAN) – “Beşiktaş” (Türkiyə)
İdman24.az