Futbolumuzun problemləri çoxdu. Özəlliklə, yığmanın yaradılan şərait fonunda ümidləri doğrultmaması üzücü reallıqdı. İndi milli prizmasından çox həssas dönəmdəyik. 6 ildə seçməni ağ günə çıxara bilməyən Berti Foqts nəhayət, “sükan”dan əl çəkib. İndi beyinlərdə suallar dolanır: Robert Prosineçki baş məşqçi olacaqmı? Olacaqsa, arzularımızın həyata keçməsinə faydası dəyəcəkmi?
Pisə pis deyərlər, yaxşıya yaxşı... Klub futbolunda vəziyyət daha ümidvericidi. 2 il öncə “Neftçi”, bu yay “Qarabağ” Avroliqanın qrup mərhələsində oynamaq sevinci yaşayıb. “Unibank”la əməkdaşlığa son qoyulan zaman yaranan ümidsizliyə isə “Topaz”la çarə tapılıb.
Əlbəttə, qeyri-leqal bukmeyker kontorlarının ölkədən sıxışdırılıb çıxarılması özü bir uğurdu. Milli mərc operatorunun bu sahədə hegemonluğu ələ keçirməsi futboldan zövq ala-ala qazanmaq istəyənlər üçün də gerçək ümid mənbəyidi. Bir var çayxanada, kafedə ətrafa dörd gözlə baxan dələduzun toruna düşmək, bir də var sivil qaydada, hər hansı qanun pozuntusuna yol vermədən mərcin dadını çıxarmaq...
Təbii, istirahət günü “Qəbələ” – “Simurq” matçına Premyer Liqanın sponsorunun dəstəyi ilə yollanan idman jurnalistləri arasında Fanat.az-ın əməkdaşı da var idi. Peşəkar Futbol Liqası yaranandan bəri xeyli canlanan elitanın şimal derbisini yağmurlu dağ havasında, toplum şəklində izləmək olduqca zövqverici alındı.
Oyunun hesabını düzgün proqnozlaşdırıb 1000 manat məbləğində mükafatı qazanan tapılmasa da (öz aramızdı, “Simurq”un 3:2 hesabıyla qalib gələcəyini heç rəhmətlik Vanqa da güman etməzdi), “idmanın şahı”nı bir köynək yaxın olanların bir masa arxasında əyləşməsi, dərdləşməsi yerinə düşdü. Təcrübəli yazarlar yeni jurnalistlər nəslinin nümayəndələrini daha yaxından tanımaq, gənclər “qocalar”dan bəhrələnmək fürsəti yaxaladı. Umacaqsız, təmənnasız, səmimi səfər ab-havası yazarlara verilən dəyər qismində alqışalayiqdi. Qəbələdə, Zaqatalada, Lənkəranda yerli komandanın Çempionlar Liqasının qrupundakı oyununu toplum olaraq izləmək arzusu ilə...
Fanat.az