Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya “Skenderbeu”suna məğlubiyyətini şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Çox məyus oldum. Etiraf edim ki, “Neftçi”ni tanımadım. Bu nəticə onların adına uyğun gəlmir. Canlı yayımlanan matçı hər kəs gördü. Hesab edirəm ki, hakim İqor Mitreskini meydandan qovmamalıydı. Məşqçi səhvlərini də gördüm. Konkret səhvlərdən danışmayacağam. Amma bu uğursuzluqda ilk növbədə Böyükağa Hacıyevin günahı olduğunu düşünürəm. Komanda bütövlükdə pis oynamadı. Amma bu, futboldu. Hərdən belə də olur”.