“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının ikinci təsnifat mərhələsinin Polşa “Pyast”ı ilə cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
“Polşaya yaxşı əhval-ruhiyyədə gəlmişik. Oyuna çox yaxşı köklənməyimiz vacibdi. Özüm barədə onu deyə bilərəm ki, oyuna yüz faiz köklənmişəm. Düzdü, ev oyununda 2:1 hesabıyla qalib gəldiyimiz üçün müəyyən üstünlüyümüz var. Amma növbəti mərhələyə adlamaq üçün üstünlüyümüzü qorumağımız lazımdı”.
“Prinsipcə, 2:1 hesablı qələbə ev oyunu üçün yaxşı nəticədi. Amma öz meydanımızda qol buraxmamağımız daha yaxşı olardı. Belə olan halda Polşaya daha arxayın yollanardıq. Lakin heç nəyi dəyişmək olmaz. Ona görə də bu barədə danışmağın mənası yoxdu. İndi bizə sadəcə cavab matçı barədə düşünmək lazımdı”.
Cinah müdafiəçisi “Pyast”ı keçmək üçün səfərdə qol vurmağın vacibliyini önə çəkib: “Fikrimcə, biz qol vurmağa borcluyuq. Əgər buna nail ola bilməsək, Avroliqanın növbəti mərhələsinə keçə bilməyəcəyik. Bizi çox çətin oyun gözləyir. Ona görə hər şeyə hazır olmalıyıq”.
Aqolli “Pyast”ın güclü cəhətlərini də açıqlayıb: “Polyaklar fiziki cəhətdən çox güclüdülər. Atletik göstəricilərinin yüksək olması onların “ikinci mərtəbədə” də yaxşı oynamasına imkan verir. Onlar bunu Robakın Bakıda vurduğu qolla da sübut etdilər. Ola bilər ki, ustalıq səviyyələri elə də yüksək deyil. Amma rəqib futbolçular kifayət qədər güclü və təhlükəlidir".
İdman24.az