2014/15 mövsümünün ikinci yarısına "Bakı" üzərində 2:0 hesablı səfər qələbəsi ilə başlayan “Qəbələ” dünən yoxlama oyununda qüvvəsini sınayıb. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan çempionatının I divizionunda çıxış edən “Zirə”ni sınağa çəkib.
“Bakı” ilə matçda meydana çıxmayanlar və meydanda o qədər də çox vaxt keçirməyənlər, həmçinin əvəzedici heyətin üzvləri meydana çıxıb: Anar Nəzirov (Cavidan Hüseynzadə), Ruslan Tağızadə, Sadiq Quliyev, Aleksandru Benqa (Sahil Mirzəyev), Bəhlul Mustafazadə, Adrian Ropotan, Emin Zamanov, Ekiqo Ehiosun (Ehtiram Şahverdiyev), Mixail Sivakov, Tellur Mütəllimov (Qismət Alıyev), Ramin Həsənov.
ADBTİA-nın stadionunda keçirilən qarşılaşmada “Qəbələ” qalib gəlib – 3:1. Yoxlama oyununun taleyini ilk yarıda iki qol vuran Mixail Sivakov həll edib. Belaruslu legioner 10-cu və 42-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. “Qırmızı-qaralar”ın 3-cü qolunu isə Ekiqo Ehiosun vurub. O, matçın 67-ci dəqiqəsində zirəliləri məyus edib.
Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 6-da öz meydanında AZAL-a qarşı keçirəcək.
Qaynar.info