"Seçmə mərhələnin son ev oyununda yaxşı nəticə qazanmaq istəyirdik. Təəssüf ki, istəyimizi həyata keçirə bilmədik". Bu sözləri Fanat.Az-a açıqlamasında yığmanın məşqçisi Mahmud Qurbanov deyib.
Almaniya səfəri ərəfəsində çexlərdən Bakıda aldığımız 1:2 hesablı yenilgini dəyərləndirən mütəxəssis bundestimlə sabah baş tutacaq oyundan da danışıb: "Məğlubiyyət həmişə üzücüdü. Çexiyaya qarşı yüksək səviyyədə mübarizə apardığımızı deyə bilmərəm. Uduzmuşuqsa, deməli, məqsədimizə çatmamışıq. Rəqib daha yaxşı oynamağa imkan vermədi. Çox sayda qol vəziyyətləri yaratdılar. Düzdü, bizim də matçın sonlarında hesabı bərabərləşdirmək üçün real imkanımız oldu. Amma ümumi götürsək, üstün tərəf onlar idi.
Almanlarla oyuna gəlincə, səfərdən xalla qayıtmağımız sürpriz nəticə sayılar. Azərbaycan yığmasıyla Almaniyanı müqayisə etmək belə, yersizdi. Hədəf mümkün qədər yaxşı mübarizə aparmaqdı. Səfərdə qrupun aşkar favoritinə, seçmə mərhələdəki bütün oyunları maksimum nəticə ilə başa vurmuş komandaya qarşı oynayacağıq. Onların gücü haqda yenidən danışmağa dəyməz".
Fanat.Az