“Qarabağ”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah baş tutacaq “Qarabağ” - “Gefle” matçından nə gözləyirsiniz?
- Yalnız qələbə. Sözsüz, hamı bunu istəyir. Sadəcə, elə başa düşürəm ki, “Qarabağ” rəqibi təhlil edib. Komandanın məşqçisi Elçin Rəhmanovun İsveçdə rəqibin oyunlarına baxmasından xəbərdaram. Bu, çox gözəl haldı. Çünki rəqibi təhlil etmək, bilmək lazımdı. Necə olur ki, “Gefle” səfərdə “Anartois”ə 0:3 hesabı ilə uduzur, ancaq evdə 4:0 hesablı qələbə qazanır?
- Ötən mərhələdə “Gelfe”nin Kiprin “Anortosis” klubu ilə oyunlarında qeydə alınan bu nəticəni nə ilə izah edərdiniz?
- Bu, “Qarabağ”ın rəqibinin gücünü göstərir. İqor Ponomaryovun müsahibəsini oxudum. Deyir ki, “Gefle” zəifdi. Bilirsiniz, heç vaxt oynadığın komandaya yuxarıdan aşağı baxmaq olmaz. Əksinə, həmişə hörmət etmək lazımdı. Rəqibi təhlil edib, öz oyununu oynamaq lazımdır. Mən elə başa düşdüm ki, “Qarabağ” bunu edəcək. Burda əsas yaxşı hesab olmalıdır ki, İsveçdə baş ağrımasın.
- Yaxşı hesab deyəndə, qol buraxmadan qələbəni nəzərdə tutursınız...
- Mütləq. Öz meydanında qol buraxanda problem olur. Buna görə qapını toxunulmaz saxlamalısan. Adətən Avropa oyunlarında bunun önəmi böyükdür. İmkan dərəcəsində qol vurmalısan, qayda belədir. Ancaq mən əsas oyunu ön plana gətirirəm. “Qarabağ” öz oyununu artırmalıdır.
- Sizcə, artıq III mərhələdə olan “Qarabağ”ın oyununda artım varmı?
- Mən komandanın Polşada oyununu görmədim. Görsəydik, təhlil edərdik.
- Hər halda, gördüyünüz ev oyunlarına əsasən necə qiymət verərdiniz?
- Sizə deyim ki, “Qarabağ” evdə çox sakit halda oynadı. Ancaq eşitdiyimə görə, Polşada daha yaxşı oynayıblar. Bu, onu göstərir ki, artım var.
- İsveç klubları ilə heç vaxt Avropada qarşılaşmamağımız əleyhimizə ola bilər?
- Bu, onda əleyhinə ola bilər ki, rəqibi saymayasan, haqqında informasiya toplamayasan. Məlumat o deməkdir ki, komandanın heyəti necədir, hansı sistemlə, mövqelərdə necə oynayır. Rəqibin topu itirəndə komanda şəklində necə müdafiə olunmağı, top onda olanda əsasən nəyə fikir vermələri da vacibdir. Bütün bunları bilib, ona qarşı öz oyununu qurursan.
- “Qarabağ”ın hazırkı oyunu qrup mərhələsinə düşməyə nikbinlik verir?
- İnanıram. “Qarabağ”ın Polşaya səfəri öncəsi bir az həyəcanlı idim. Çünki Bakıda sürüşkən - 2:1 hesabı ilə qalib gəldilər. Polşa klublarının gücünü də bilirik. Adətən hündürboylu futbolçular olanda standart vəziyyətlərdə hücumlar çox gərgin olur. Burda qapıçının çıxışda əməyi böyük olmalıdır.
- Polşalılar kimi isveçli futbolçular da hündürboyludurlar...
- Bu haqda mən də eşitmişəm. “Qarabağ” rəqibin oyununu görüb. Ancaq nə qədər izləsən də, topun yerdə olmağına çalışmaq lazımdır. “Qarabağ” belə oynayacaq. Rəqibi yerdə oynamağa məcbur eləməlisən. Bu zaman “Gelfe”nin oyunu alınmayacaq.
İdman24.az