Cahangir Hacıyev Beynəlxalq Bankın (ABB) sədri vəzifəsindən istefa verdi. Bunu futbol terminologiyasına çevirsək Topaz Premyer Liqasının qızıl medalları uğrunda mübarizə aparan "İnter" sahibindən məhrum oldu.
Vaxtilə "Xəzər Universiteti"nin eyniadlı təhsil ocağının rəhbərliyinin halallığını ödəyən Hacıyevli "İnter" erası bu gün başa çatdı. Hacıyevin istefa vermə səbəbi "standartlara uyğundu" - "səhhətinə görə".
Bizə görə, ABB prezidentinin kreslosu xeyli əvvəl laxlamağa başlamışdı. Mizanın bir gözünə Hacıyevi, digərinə isə AFFA-nın baş katibi Elxan Məmmədovu qoyduqda kimin daha ağır çəkiyə malik olduğuna heç kim şübhə etməz. AFFA İctimai təşkilatdı. Həmin təşkilatda ikinci söz sahibi olan bir şəxsin Azərbaycanın ən yüksək reytinqli bankının rəhbərindən daha böyük nüfuza sahib olmasını söyləmək sadəlövhlük olardı. Ancaq Elxan Məmmədovun millimizin Türkiyə toplanışı zamanı "İnter" və "Simurq" arasındakı qardaşlığı qabartması həlledici siqnal idi.
Bəli, AFFA-nın baş katibinin ABB-nin "bostanına daş atması" ilk baxışdan gözlənilməzdi. Lakin hadisələrin növbəti mərhələdə cərəyan etməsi təbiidi. Aydın məsələdir ki, Məmmədov Zirəddin Rzayev deyil. İnanmırıq ki, nə vaxtsa münəccimliklə məşğul olub. Bu da maraqlıdır ki, uzun illər ölkə mətbuatı dəridən-qabıqdan çıxaraq "İnter" və "Simurq" qardaşlığından yazdığı vaxtlarda baş katib iki klubun bir mərkəzdən idarə olunmasını "görmürdü". Ancaq millinin Türkiyə toplanışında bu qardaşlıq birdən-birə onun yadına düşdü. Və bundan bir neçə gün sonra Cahangir Hacıyevin səhhəti pisləşdi.
Əslində bizim də Zirəddin Rzayevlə heç bir əlaqəmiz yoxdu. Ancaq növbəti "səhhəti pisləşəcək" şəxsin adını təxmin etmək üçün münəccim olmağa ehtiyac yoxdu. Sadəcə, Antalyada baş katibin söylədiklərini bir anlıq xatırlamaq yetər. O, "Turan" - "Neftçi" qarşılaşmasında paytaxt klubunun qələbə qazanmasını "faciə" adlandırmışdı. Aydın məsələdir ki, "Turan"da "səhhəti pisləşəcək" ciddi bir fiqur yoxdu. "Ağ-qaralar"da isə heç də köhnə sayılmayan bir əvəzetmə baş verib: vitse-prezident vəzifəsinə Tahir Süleymanovun yerinə baş katibin kadrı hesab olunan Elnur Məmmədov təyin edilib. Deməli, "səhhətinin pisləşməsi" növbəsi "Neftçi"nin prezidenti Sadıq Sadıqovundu.
Fanat.az