“Biz Avropa Liqasına çox səylə hazırlaşmışıq. Ötən mövsümdəki oyunumuzla da Avropa Liqasında çıxış etməyə layiq idik. Şadam ki, tezliklə bu turnirə start verəcəyik. Azarkeşlərimizin və bütün regionun eyforiyasından, sevincindən gözəl nə ola bilər ki? Bu üzdən biz də azarkeşlərimizi Avropa Liqasındakı uğurlu çıxışımızla sevindirməyə çalışacağıq”. Fanat.az xəbər verir ki, bu sözləri “Ayntraxt”ın qapıçısı Kevin Trapp deyib.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibinin qapısını qoruyan Trapp Bakıya səfərdən də danışıb: “Bizi qarşıda Azərbaycana səfər gözləyir. Bu, bizim üçün yeni ölkədi. “Ayntarxt”ın heç bir futbolçusu hələ indiyə qədər orda olmayıb. Fikrimcə, bu ölkəni görmək hər birimiz üçün maraqlı olacaq. Bilirik ki, “Qarabağ” pis komanda deyil. Onların heyətində yaxşı oyunçular var”.
Qolkiper ilk oyunla bağlı şansları da dəyərləndirib: “Bakıdan yaxşı nəticə ilə dönmək istərdik. Qapıçı kimi hesab edirəm ki, 0:0 heç də pis nəticə olmazdı. Amma əgər qələbə qazansaq, bu, daha yaxşı olardı. Bakıdakı uğurlu nəticə komandada özünəinamı geri qaytarmış olacaq”.