“Biz bu oyuna ciddi hazırlaşmışdıq. Diqqətli oynamağa çalışırdıq. İlk qoldan sonra oyuna nəzarəti əldə saxlamağa çalışdıq. Amma “Qarabağ” yaxşı oynadı, qol vəziyyətləri də yaradırdı. Xoşbəxtlikdən ikinci qolu da vura bildik”. Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”la oyundan sonra “Ayntarxt”ın baş məşqçisi Armin Fe deyib.
Alman mütəxəssis hər şeyin cavab matçında həll olunacağını bildirib: “Cavab matçında da yaxşı nəticəyə ümid elirik. Sözsüz ki, hesabı qorumağa yox, qrupa düşmək üçün qələbə qazanmağa çalışacağıq.
Hələ qrup mərhələsində olduğumuzu deməzdim. Hər şey cavab matçından asılıdı”.
“Fərdi mübarizələrdə “Qarabağ”ın futbolçularını aşkar üstələyirdiniz. Bu, fiziki hazırlığın aşağı olmağı, yoxsa təcrübəsizliklə bağlıdı” sualına cavabı belə olub: “Məncə, həlledici məqam odu ki, 14 nömrəli futbolçunuzu sıradan çıxara bildik. Bilirdik ki, o, liderlərdən biridi. Biz qol imkanlarımızda soyuqqanlı davrandıq”.
Baş məşqçi azarkeşlərimiz tərifləyib: “Azarkeşləriniz haqda xoş sözlər deyə bilərəm. Adətən qaçış çığırı olan stadionlarda belə dəstək hiss olunmur. Bizim azarkeşlər də pis deyildi. İkinci hissədə mənə elə gəldi ki, bura təyyarə enmişdi”.
Feyə “Həmyerliniz Berti Foqts getsə, Azərbaycan yığmasını çalışdırmaq təklifini qəbul edərsiniz” sualı da verilib. O, isə gülərək bunları deyib: “Sözün düzü, Foqtsun gedib-getməyəcəyini bilmirəm. Bunu yalnız özü bilir. Mənin “Ayntraxt”la hələ 10 illik müqaviləm var. Hara çıxıram?”