"Çukariçki"nin yarımmüdafiəçisi Slavolyub Srniç Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, o, Serbiya mətbuatına açıqlamasında II təsnifat mərhələsinin püşkü ilə bağlı da danışıb:
"Biz ilk oyunda inamlı qələbə qazanmadıq. Daha çox qol vurmaq imkanlarımız oldu. Ancaq yalnız penaltidən fərqləndik. "Qəbələ" isə səviyyəsindən aşağı çıxış etdi. Rəqibimiz təcrübəli komandadı. Lakin onlar da cavab görüşünü Qəbələdə deyil, neytral meydanda keçirəcək. Bu isə o deməkdi ki, rəqibimiz də Bakıdakı stadiona, atmosferə uyğunlaşmalı olacaq. Bu da bizi bir qədər rahatladı. Əsas üstünlüyümüz odu ki, komandamızda olan futbolçular iki ildi ki, birgə oynayır. Ümid edirəm ki, "Qəbələ"ni keçəcəyik və növbəti mərhələdə oynayacağıq.
Püşkün nəticəsinə gəldikdə, narazı qala bilmərik. Çünki "Borussiya" ilə müqayisədə, "Apollon" - "Trakai" cütünün qalibi bizə daha sərfəlidi. Daha öncə Kiprdə olmuşuq və bu ölkənin klublarına qarşı oynamışıq. Düşünürəm ki, növbəti mərhələdə "Apollon"u da keçə bilərik".
Fanat.az