"Qarabağ" dünən Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"ı Çernoqoriyada Reynaldonun vurduğu qolla 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi. Ardıcıl 2 il Çempionlar Liqasında mərhələ keçən komanda bununla ölkə futbolunda ilki bacardı. İndi "Qarabağ"ı III təsnifat mərhələsində dünyaca ünlü "Seltik"lə görüş gözləyir.
"Rudar" üzərində qələbənin Ağdamın işğal tarixinə təsadüf etməsi də "Qarabağ"ın qələbəsinə başqa rəng qatdı. Daim komandanın yanında olan, hər zaman dəstəyini nümayiş etdirən klubun vitse-prezidenti Tahir Gözəl bu önəmli hadisə barədə rəsmi sayta danışıb.
- "Qarabağ" Azərbaycan üçün önəmli funksiya daşıyır. İşğal olunmuş torpaqları və Qarabağı heç vaxt unutmuruq. Təbii ki, torpaqlarımızın işğaldan azad olacağına inanımımız böyükdü. Dövlətimizin həm hərbi və həm də iqtisadi gücü buna qadirdi. Biz buna inanırıq və əminik. Hazırda 1 milyon məcburi köçkünün ümididi "Qarabağ". Ağdamın işğal günü ərəfəsində "Qarabağ"ın Çempionlar Liqasında qələbə qazanması, mərəhələ adlamsı məcburi köçkünlərin qəlbində belə üzücü gündə təsəllidi, ümid işığıdı. Sevinirik ki, "Qarabağ" belə bir məqamda qələbə qazanaraq xalqımızı sevindirə bildi.
- Təəssüratlarınız necə oldu? "Rudar"la oyunda komandadan razı qaldınızmı?
- Təbii ki, komandamın oyununu həyəcanla izlədim. Hələ Bakıdakı ilk oyundan sonra rəqib müdafiə olunduğunu və Çernoqoriyada "Qarabağ"ın növbəti mərhələyə çıxacağına inandığımı bildirmişdim. Göründüyü kimi, komandamız oyunboyu hücumda oynadı, nəticə qazanmaq üçün əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Komandamızın məzmunlu oyununu Reynaldo vurduğu gözəl qolla tamamladı. Braziliyalı forvard xarakter nümayiş etdirərək nə qədər önəmli oyunçu olduğunu göstərdi. Komandam ən yaxşısını nümayiş etdirərək növbəti mərhələyə yüksəlməyi haqq etdi.
- Qarşıdan dünyaca ünlü "Seltik" var...
- Təbii ki, "Seltik" dünyanın ən tanınmış komandalarından biridi. "Seltik"in tarixinə nəzər saldıqda necə böyük komanda olduğunun şahidi oluruq. Son illərdə ölkəsinin dəyişməz çempionudu. Məlum olduğu kimi ilk oyun Böyük Britaniyada - Şotlandiyada olacaq. Böyük Britaniyaya viza alınması bir qədər çətin prosesdi. Krallığın ölkəmizdəki səfirinə göstərdiyi həssasiyyətə görə öz təşəkkürümü bildirirəm. Qısa zamanda viza alınması üçün köməyini əsirgəmədi. "Qarabağ" daha bir dünya nəhəngini Bakıya gətirəcək. Təbii ki, mən hər zaman olduğu kimi komandama inanıram. "Qarabağ" "Seltik"ə qarşı layiq olduğu şəkildə mübarizə aparacaq. "Qarabağ"ın uğuru Azərbaycanın uğurudu. "Seltik"lə mübarizə hamımız üçün maraqlı çağırış olacaq. "Qarabağ" hər zaman öz duruşunu qoruyacaq. Nəticə nə olursa olsun, mən komandamın arxasındayam.
Fanat.az