Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə Kiprin "Apollon" klubunun qonağı olacaq. Sport7.az saytına açıqlama verən "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk rəqib haqqında fikir bildirməklə yanaşı, onları ciddi oyunun gözlədiyini bildirib.
Təcrübəli mütəxəssis hazırda "Qəbələ"ni narahat edəcək durumun olmadığını söyləyib: "Komandada əhval-ruhiyyə yaxşıdı. Oyuna hazırlıq yüksək səviyyədə davam edir. Narahatlığa heç bir əsas yoxdu. Bizi daha ciddi, daha güclü komanda ilə oyun gözləyir. Sevinirik ki, hər dəfə də, yaxşı futbol sərgiləyə bilirik".
Bundan başqa ukraynalı çalışdırıcı "Apollon"dan çəkinmədiklərini qeyd edib: "Rəqibin avokuboklarda inamlı çıxışından xəbərim var. Amma bu, o demək deyil ki, biz "Apollon"dan çəkinməliyik. Bizi sadəcə, çox çətin oyun gözləyir. Rəqibin ötən illər ərzində Avroliqada uğurlu çıxışı bizi ciddi oynamağa məcbur edir."
Qeyd edək ki, "Apollon" - "Qəbələ" qarşılaşması iyulun 30-da saat 22:00-da start götürəcək.
Fanat.az