"Seltik"in üzvləri məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Fanat.az-a verilən məlumata görə, Çempionlar Liqasında “Qarabağ”la cavab oyunu üçün Bakıya gələn Şotlandiya klubunun üzvləri, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq dünən Binəqədi rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksə baş çəkiblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov futbol komandasının üzvlərinə və onları müşayət edən mətbuat nümayəndələrinə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Sonra "Seltik"in üzvləri məhəllədə olan Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olub və məktəbin idman zalında həmin məktəbin şagirdlərindən ibarət futbol komandası ilə futbol oynayıblar. Sonda xatirə şəkilləri çəkdiriblər.
Fanat.az