Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin Qaynar.info saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.
- "Qəbələ" və "Qarabağ" bu gün Avroliqanın pley-off mərhələsində vacib görüşlərə çıxacaq. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Gəlin, hər iki komandaya müvəffəqiyyət arzulayaq. Əgər kim deyirsə ki, Azərbaycan futbolunda səhv yoxdur, çox böyük səhvə yol verir. Yadınıza gəlirsə, bu yolun "ibtidai"sini mən qoymuşam. Yəni "Neftçi" 2 il bundan əvvəl ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Görünür, qədəmlərimiz yüngül imiş ki, arxası gəldi. "Qarabağ" ötən il az qala qrupdan da çıxmışdı. Bu il isə artıq birdən-birə 2 komandamız qrupa düşmək üçün mübarizə aparır. Düzdür, ötən il də 2 komandamız bu mərhələyədək gəlmişdi. "Neftçi" pley-offda dayandı, "Qarabağ" isə qrupa vəsiqə qazandı. Hər iki komanda bu oyunlara çox ciddi yanaşmalıdır. Çünki istər İsveçrənin, istərsə də Yunanıstanın komandası çox ciddi rəqiblərdir. Bu rəqibləri ciddiyə almaq lazımdır. Bir şeyi unutmayaq ki, Cavid Hüseynovun olmamağı artıq "Qəbələ"nin oyununa öz təsirini göstərir. "Qəbələ"nin Cavidi müvəqqəti də olsa itirməsi onun bugünkü oyununda özünü göstərəcək...
- Premyer Liqanın II turunun AZAL ilə matçında 2:0 hesablı qələbə qazandılar. Orda öz təsirini göstərdimi?
- Bəli. Mən sizə deyim ki, son turda Cavid Hüseynovun olduğu vaxtdakı oyun üslubu artıq sınmışdı. Mənə elə gəlir ki, bu, Avroliqa oyununda daha çox hiss olunacaq. Hər halda oyundan əvvəl proqnoz vermək bir az pisdir. Hər iki komandanın bu mərhələni keçib qrupa düşəcəyinə inanıram. Bu da əlbəttə bizi sevindirəcək.
- Ancaq "Qəbələ"nin işi "Qarabağ"a nisbətən daha çətin olacaq. "Panatinaikos"un Avropanın tanınmış komandası olması bir yana, komandada psixoloji durum hazırda qaydasında deyil. Baş məşqçi Roman Qriqorçukun üzərinə böyük yük düşür ki, bu durumu düzəltsin...
- Bəli, siz onu düzgün tutdunuz. Ən vacibi odur ki, Qriqorçuk bu əngəli aradan götürsün. Qalanı özü düzələcək.
- Ümumiyyətlə, Azərbaycan klublarında psixoloji hazırlıqdan razısınız? Sizin vaxtınızda bu məsələ necə tənzimlənirdi?
- Mən həmişə demişəm ki, məşqçi özü ən böyük psixoloq olmalıdır. Mən "Tarix" fakültəsini bitirənə kimi 4 il "Psixologiya" elmini oxumuşam və bunun mənim məşqçilik sənətində böyük köməyi dəyib. Ona görə də futbol məşqçisi hər şeydən əvvəl böyük psixoloq olmalıdır. Mənim vaxtımda "Neftçi"də Braziliya, Paraqvay, Çili, Makedoniya, Serbiya kimi ölkələrdən futbolçular vardı. Hərəsi bir mentalitet sahibi idi. Bunlarla ümumi dil tapmağı bacarmaq lazımdır.
- Konkretləşdirsək, Azərbaycanda psixoloji hazırlıqdan razısınız?
- Yox! Qətiyyən yox!
- Sizcə, Qriqorçuk bu maneəni aşa biləcək?
- Vallah, mən Qriqorçuku dərindən tanımıram. Mən tanımadığım adam haqda fikir yürütmərəm. Zaman gələr, hər şey öz yoluna qoyular.
- Futbol ictimaiyyətini yaxından maraqlandıran jurnalistin ölümü ilə bağlı nə deyə bilərsiniz?
- Mən jurnalistin gənc yaşda ölməsinə təəssüflənirəm. Görünür ki, dövlət də bu işin içində möhkəm durub. Bilirsiniz ki, neçə nəfər tutulub, o cümlədən Cavid Hüseynov. O gün Cavidin həbsdən buraxılması üçün apellyasiya şikayəti də təmin olunmadı. Əgər Cavid bu hərəkəti edibsə, çox səhv iş görüb. Eləməyibsə, qoy, Allah köməyi olsun.
- Sizdə müşahidə aparmaq qabiliyyətinin yaxşı olduğunu bilirəm. Caviddə "ulduzlaşma" xəstəliyi artıq müşahidə olunurdu. Razısınız bu fikirlə?
- İnsan harda olur-olsun, hərdən dönüb arxaya baxmalıdır. Hardan gəlmişəm, hara gedirəm. Cavid deyəsən, bunu unudub. O, 3 il bundan əvvəl "Neftçi"də mənim rəhbərliyim altında oynayırdı. Mövsüm bitdikdən sonra onun kimi 7-8 oyunçuya dedik ki, siz bizə lazım deyilsiniz və yola saldıq, getdilər. Cavid Türkiyədə oynayandan sonra keçdi "Qəbələ"yə (əslində "Adana Dəmirspor"dan sonra "Bakı"ya, daha sonra "Qəbələ"yə keçib - S.T.). Ola bilər ki, o, "Qəbələ"də dəyişib, onu çoxdandır ki, yaxından görmürəm. Əgər dəyişibsə, gərək dəyişməyəydi. Bu müvəffəqiyyətlərdən baş gicəllənməməlidir. Ona görə də o, gələcəyə nikbin nəzərlərlə baxmalıdır, hər bir insanı özünə qardaş, dost bilməlidir. Jurnalist də insandır, ola bilər ki, səhvə yol verib. Bu o demək deyil ki, sən kiminsə ölümünə fətva verməlisən.
- Burda Qriqorçukun da böyük məsuliyyəti var. Ona Cavidin intizamsızlığı ilə bağlı sual verdildikdə onu çox istədiyindən, cəzalandıra bilmədiyini vurğulamışdı. Kiprdəki hərəkətinə görə, klub tərəfindən azacıq da olsa, cəzalandırılsaydı, bütün bu olaylar baş verməzdi...
- Qriqorçuk üçün Azərbaycan mentalitetini öyrənməyə zaman lazımdır. O, Ukraynadandır. Azərbaycana təzə gəlib. Ona 3-4 il vaxt lazımdır ki, Azərbaycanın mentalitetinə tam bələd olsun. Azərbaycanda işləyən hər bir məşqçi psixoloq kimi buranın mentalitetini dərin bilməlidir...
- Onda yaxşı olar ki, onun yanında azərbaycanlı psixoloq olsun...
- Hökmən!
Fanat.az