Mehman Süleymanov
Maşallah, bu il idman jurnalistləri arasında yubilyarlar çoxdur. Özü də əksəri 1980-ci il təvəllüdlüdür. Tahir Hummetov, Perviz Hikmet, Gündüz Abbaszadə və sair. Onlarla həmyaşıd olan daha bir həmkarımızın 35 yaşı bu gün tamam olur. Bu, media sahəsində təcrübəsi böyük olan Aydin Bagirovdur.
Ağdam torpağının pozitiv ada malik yetirməsi
Gözəl, pozitiv ada malikdir Aydın. Müsbət keyfiyyətləri özündə cəmləşdirir. Tam səmimi deyirəm ki, ən çox bəyəndiyim oğlan adlarından biridir. Hər şey aydın olanda, həyatda bir çox şeylərə çarə, düşdüyün vəziyyətdən çıxış yolu tapılır. İnsanlar bir şeyi səbəbini öyrənmək üçün ona görə çox suallar verirlər ki, sonda “aydındır” cavabını alsınlar. Xüsuslə biz idman jurnalistləri üçün bu söz doğmadır və şəxsən mən müsahibələrim zamanı verdiyim suallara cavab alandan sonra “aydındır” sözünü deməyim artıq vərdiş halını alıb. İnsanlar bir-birinə xoş sözlər deyərkən, xeyir-dua verərkən, “aydınlığa çıxasan” kəlməsindən də çox istifadə edirlər.
Ağdam torpağının yetirmələrindən, layiqli övladlarından biri olan bizim Aydının jurnalistikada təcrübəsi böyükdür. Bu bölgədən idman mediasında olanlar az deyillər. Ən təcrübəlilər kimi Rövşən Binnətli, Altay Əliyevin adını çəkmək olar. İlk addımlarını bir çoxlarımızdan, hələ məndən də qabaq – 90-ci illərin sonunda atıb. Həmin vaxtlar çox gənc olub. Uzun illərdir çalışdığı “525-ci qəzet” və 20 ildir baş redaktoru olan Rəşad Məcid onun üçün böyük məktəb olub. Jurnalistikanın çətin vaxtlarında, internet dövrü olmayan dövrdə gəlib bu sahəyə. Qarşısına çıxan maneələrdən qorxmayıb, onları dəf edib. Çünki işinə, yazı-pozuya böyük sevgisi, həvəsi, marağı olub. Nəticədə büdrəməyib, ayaq üstə möhkəm durub və bu səviyyəyə gəlib çıxıb. Artıq nəinki idman mediamızda, ümumiyyətlə, mətbuatımızda tanınan simalardan biridir və özünəməxsus yeri tutub.
Aydının biz idman jurnalistlərdən əsas fərqi təkcə təcrübəsinin böyük olması yox, təkcə idmanla kifayətlənməməsidir. Yəni ictimai-siyasi qəzetdə çalışan bir redaktor kimi yalnız idman yox, bütün sahələrdən xəbərdardır. “525-ci qəzet”də baş redaktorun müavini kimi əsas işi görənlərdən biri kimi üzərinə böyük məsuliyyət düşür. O da bunu artıq neçə vaxtdır çiyinlərində daşıyır. Kitabla, ümumiyyətlə, mütaliəylə arası çox yaxşıdır. İdman dan kənar müxtəlif tədbirlərdə, kitab təqdimatlarında da tez-tez iştirak edir. Elə bu ilin fevralın 20-də Vüsalə Məmmədovanın müəllifi olduğu, çalışdığım “TEAS Press”in nəşr etdirdiyi "Cəhənnəmdə böyük çığırtı" kitabının təqdimatında iştirak etdiyim zamanı Bağırovu görəndə, qətiyyən təəccüblənmədim.
2008 - xüsusi bir il və liderlər sırasına gətirdiyi Qol.az
Aydının idmana, əsasən də futbola həvəsi də uşaqlıdandır. Tanınmış peşəkar boskçumuz, "Qəbələ"mizin və Azərbaycanımızın aıdnı yüksələrdə daşıyan Fariz Məmmədovla uşaqlıq dostudur. Onun uğuruna ən ürəkdən sevinənlərdən, həyatda ona çox dəstək olanlardan biridir.
Təbii ki, doğma Ağdamın hələ SSRİ dövründən futbolda təmsilçisinin olması bu idman növünə bağlanmasında böyük rol oynayıb. Özü də hamımız üçün doğma, əziz olan “Qarabağ” adlı futbol klubunun. Bir vaxtlar komandanın Ağdamda stadionu olan “İmarət”in də qəlbində xüsusi yer var. 2008-ci ildə Qurban Qurbanov “Qarabağ”ın baş məşqçi gəlişindən sonra isə klub tarixində ən yaxşı dövrünü yaşayır. Uzun müddət həsrət qaldığı çempionluğu, “qızıl dubl”u qazandı, ardıcıl 2 il mövsümün qalibi olmaqla yanaşı, Avropa Liqasının qrup mərhələsinə yüksəldi. Təbii ki, “Qarabağ”ın uğurlarına ən çox sevinənlərdən biri Aydındır.
İş elə gətirdi ki, 2008-ci il “Qarabağ”, Qurbanov kimi Bağırovun da karyerasında xüsusi bir il oldu. Axı onun baş redaktoru olduğu Qol.az saytı həmin vaxt yaranıb. Bu saytın uğurlarında rəhbəri Mirhacib Mecid kimi Aydındın da böyük rolu var. Təsadüfi deyil ki, bu yay həm Bakıda keçirilən ilk Avropa Oyunları, həm də avrokuboklar zamanı Qol.az böyük oxucu kütləsi ilə ölkəmizdə rekord vurub. Qol.az Azərbaycanda yaranan, öz dilimizdə olan ilk idman portallarından biridir. Çox yaxşı ada malikdir, qısa, lakonik, özü kimi aydın. Özü də əsl futbola bağlı addır. Axı futbolun gözəlliyi qoldur, futbolu qolsuz təsəvvür etmək olmur. Arzu edirəm ki, qol necə futbolda xüsusi yer tutursa, Bağırovun baş redaktoru olduğu Qol.az da idman mediasında həmişə liderlərdən olsun, xüsusi yer tutsun.
“Qarabağ”la bağlı xəbərlər ümumiyyətlə, saytlarda necə çox oxunandırsa, Qol.az-da daha çox oxunur. Ancaq jurnalistikada əsas prinsiplərdən olan obyektivliyə önəm verən Bağırov ayrıseçkiliyi xoşlamır. Onda müşahidə etdiyim və xoşuma gələn xüsusiyyətlərdən biri futbolumuzda çatışmazlıqları ört-basdır etməməsi, onu açıq şəkildə bəyan etməsidir. Sayt rəhbəri kimi siyasətində də bəyəndiyim xüsusiyyətlər var. Məsələn, Qol.az-da xarici xəbərlərin çoxluğu diqqət çəkir. Təbii ki, hamımız üçün Azərbaycan futbolu ən öndə durur. Ancaq əgər sayt izləyiciləri arasında xarici futbola böyük marağı olanlar çoxdursa, niyə də buna diqqət yetirməyəsən? Sözsüz ki, hər bir saytın ölçü vahidi onun nə qədər oxucusunun olmasıdır. Bunu xarici futbolla bağlı xəbərlərlə də artırmaq mümkündürsə, ona böyük yer verməyə dəyər.
Arzular qovuşanda
Aydın eyni zamanda idman jurnalistikasında sevilən, hörmət qoyulan, sayılıb-seçilən simalardan biridir. Artıq uzun illərdir onu tanıyan şəxs bunu yaxşı bilirəm. O, yaxşı məclis, maraqlı səfər adamıdır. Həmişə kollektivin gözü olasan. Ölkə daxilində də, ölkə xaricində az yol yoldaşı olmamışıq. Tez-tez Qəbələyə yolumuz düşüb. Bağırovla ilk dəfə xaricə 2012-ci ilin oktyabrında Moskvaya səfər etmişəm. Onda milli komandamız Rusiya yığması ilə səfərdə rəsmi oyun keçirirdi. Maraqlı səfərlərədn biri idi. Təcrübəli həmkarlarım Siyaviş Əliyev, Emil Huseynli ilə də birgə olduğum Rusiya paytaxtında Aydının yaxşı yol yoldaşlığına şahid oldum. Ötən ayın sonunda isə Bağırovla Afinaya yolçuluğumuz zamanı tarixi olaya canlı şahid olduq, xoş anlar keçirdik. Bu da “Qəbələ”nizin “Panatinaikos” kimi güclü rəqibi keçərək, ilk dəfə qrupa düşməsi oldu. Həmin gün “Qarabağ”ın da “Yanq Boyz” maneəsini keçərək, qrupa düşdüyünü nəzərə alsaq, Bağırov və bizlər bir gündə 2 klubumuzun uğuruna, futbolumuzda tarixi nəticəyə sevindik.
Əlbəttə, hər bri insanın həyatında işlə yanaşı, şəxsi həyatı, məişət qayğıları da xüsusi yer tutur. Şükür Allaha ki, Aydın üçün ən böyük qayğılardan biri 2 il öncə həllini tapdı. Jurnalistlər üçün tikilən binada dəyərli həmkarımıza da mənzilin qismət olmasına sevindik. Artıq o, ailəsiylə birgə şəxsi evində yaşayır, qonaqlarını qəbul edə bilir. İndi qalır digər arzusuna çatmağı. Həmin arzuya ki hər ailə həyatı quranlar üçün ümdədir. Elə bir arzu ki, mən, digər həmkarımız Anar Shabanoglu 8 il onun həyata keçəcəyinə inanaraq yaşadıq, gözlədik və istəyimizə çatdıq. İnşallah, sənin üçün də o gün qismət, sənə də atalıq sevinci yaşamaq bəxş olar. Onda hamımız bir ağızdan deyəcəyik - Gözün aydın olsun, Aydın!
Yubileyin mübarək, Bağırov!