Sabah Premyer Liqanın V turuna start veriləcək. Fanat.az xəbər verir ki, 2 gün ərzində keçiriəcək turun 5 oyunundan 3-ü Bakıda, 2-si əyalətdə baş tutacaq.
Sumqayıt - Rəvan
"Sumqayıt"la oyun "Rəvan" üçün əsl imtahan olacaq. Ramil Əliyevin istefasından sonra baş məşqçi postuna gətirilən Vladislav Qədirov nəinki qələbə üzünə həsrətdi, ümumiyyətlə "Rəvan" cari mövsümdə hələ ki, xal qazana bilməyib. Çox sayda trarsfer həyata keçirən "sarı-qırmızılar" bu dəfə də zəfərə sevinməsə, Qədirovun məşqçilik bacarığı şübhə altına düşəcək.
İlk 4 turda aktivinə 4 xal yazan "Sumqayıt"ı yenmək heç də asan olmayacaq. Evdə keçirdiyi 2 oyunda məğlub olmayan "gənclik şəhəri" təmsilçisi "Xəzər Lənkəran"dan 1 xal alıb, "Qəbələ" kimi iddialı komandanı yenib. Böyük azarkeş dəstəyinə sahib olan "Sumqayıt" bu oyunda xal ehtiyatını artıra bilər.
Qəbələ - Xəzər Lənkəran
Turun əsas qarşılaşmalarından biri olacaq "Qəbələ" - "Xəzər Lənkəran" matçı iddialı bölgə klublarının qarşıdurması kimi əhəmiyyətlidi. İlk iki turda uğursuz çıxış edən Lənkəran təmsilçisi həmin dövrkü "Qəbələ" qarşısında şanssız görünə bilərdi. Amma...
"Qarabağ" və "Neftçi"yə qarşı olduqca inamlı təsir bağışlayan "Xəzər Lənkəran" artıq iddiasını ortaya qoymağa başlayıb. Üstəlik, Con Toşakın rəhbərlik etdiyi komanda heyətini də gücləndirib. Artıq "Xəzər Lənkəran" inamlı çıxış etməyə başlayıb və Qəbələdə asanlıqla yenilməyəcəyi bəllidi. "Qəbələ"də isə vəziyyət fərqlidi. Yuri Syominin yetirmələri ilk iki turda "Bakı" və "İnter"i yensə də, ardınca zəif "Sumqayıt" və "Qarabağ"ın ikinci heyətinə uduzdu.
"Xəzər Lənkəran" hələ ki, qələbə qazana bilməyib. "Qəbələ" isə son iki turda uduzub. Bu səbəbdən Qəbələdə baş tutacaq oyun azarkeşlərə güzəştsiz və amansız mübarizə vəd edir.
Bakı - Neftçi
Şənbə gününün digər önəmli qarşılaşması paytaxt derbisi - "Bakı" - "Neftçi" qarşılaşmasıdı. "Bakı" mövsümə ardıcıl iki məğlubiyyətlə başlasa da, ardınca "Rəvan" və "Simurq"u böyük hesabla yenərək iddiasını ortaya qoyub. "Neftçi" isə ardıcıl 3 qələbədən sonra Lənkəranda heç-heçə edərək xal itirib.
Bu komandalar arasındakı qarşılaşmalar həmişə gərginliyi ilə seçilib. Son illərdə demək olar ki, bütün matçları dava-dalaşla yadda qalıb. Bu dəfəki matçda istisna deyil və komandaların hər biri prinsipial rəqibini məğlub etməyə çalışacaq. Ona görə də, paytaxt derbisinin izləyicilərə maraqlı və gərgin mübarizə vəd etdiyini deyə bilərik.
Qarabağ - AZAL
Bazar günü son iki qarşılaşma baş tutacaq. Bunlardan birində "Qarabağ" AZAL-ı qəbul edəcək. Avropa Liqasında Almaniya Bundesliqasında çıxış edən "Ayntraxt"a iki oyunun nəticəsinə görə 1:4 hesabı ilə yenilən Qurban Qurbanovun komandası "Qəbələ" matçında iddiasını sözün əsl mənasında ortaya qoydu. İlk 4 turda qələbə qazanan "Qarabağ" ikinci heyətlə əfsanəvi Yuri Syominin yüzminlərlə manat dəyərində olan futbolçulardan qurulmuş komandasını yenməklə çempionluğun ən böyük iddiaçılarından olduğunu göstərdi. Bu səbəbdən "Qarabağ"ın AZAL-la qarşılaşmada xal itirməsi inandırıcı görünmür.
AZAL-a gəlincə, "təyyarəçilər" ilk turda "Neftçi"yə 1:4 hesabı ilə yenilsə də, ardınca "Bakı", "İnter" və "Sumqayıt"ı minimal hesabla məğlub etdi. Bir sözlə Vaqif Sadıqovun güvəndiyi müdafiə futbolu öz sözünü dedi. Bu dəfə isə hər şey fəqlidi. Cari mövsümdə hələ uduzmayan və hamıdan çox qol vuran "Qarabağ" hələlik qarşısıalışmazdı. Qəbələdə ikinci heyətlə və əvəzedici komandanın təcrübəsiz üzvləri ilə oynayan "Qarabağ" baş məşqçi amilinin komandada çox şey olduğunu göstərdi. Böyük ehtimalla AZAL-ın 3 oyunluq qələbə seriyasına bu dəfə son qoyulacaq.
İnter - Simurq
Və nəhayət, turun son oyununda "İnter" "Simurq"u qəbul edəcək. Əslində, bu oyun barədə uzun-uzadı danışmağa ehtiyac yoxdu. Eyni mənbədən maliyyələşən "qardaşlar"ın oyununda yenə "bankirlər"in qalib gələcəyi bəllidi. İlk 3 turda məğlub olan və ötən tur "Rəvan"ı yenən "İnter" cari mövsümdə yetərincə xal itirib. İndi Kaxaber Tsxadadzenin komandasının 3 xala ehtiyacı var ki, bunu da "bic qardaşlar"ı mübarizəsiz verəcək. Bazar günü baş tutacaq oyunda Zaqatala təmsilçisinin "böyük qardaşı"na müqavimət göstərməyəcyi dəqiqdi.
Premyer Liqa
2013/14 mövsümü
V tur
31 avqust
Sumqayıt - Rəvan
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, İsgəndər Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndələri: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 18.00.
Qəbələ - Xəzər Lənkəran
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndələri: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər stadionu. Saat 18.00.
Bakı - Neftçi
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev.
AFFA nümayəndələri: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 18.00.
1 sentyabr
Qarabağ - AZAL
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov.
AFFA nümayəndələri: Ramiz Mustafayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
T.Bəhramov adına Respublika stadionu. Saat 20.00.
İnter - Simurq
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Namiq Bəkirov.
AFFA nümayəndələri: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
"Şəfa" stadionu. Saat 20.00.
1 | Qarabağ | 4 | 4 | 0 | 0 | 10-2 | 12 |
2 | Neftçi | 4 | 3 | 1 | 0 | 7-1 | 10 |
3 | AZAL | 4 | 3 | 0 | 1 | 5-5 | 9 |
4 | Qəbələ | 4 | 2 | 0 | 2 | 6-6 | 6 |
5 | Bakı | 4 | 2 | 0 | 2 | 9-3 | 6 |
6 | Simurq | 4 | 1 | 1 | 2 | 2-4 | 4 |
7 | Sumqayıt | 4 | 1 | 1 | 2 | 4-8 | 4 |
8 | İnter | 4 | 1 | 0 | 3 | 9-8 | 3 |
9 | Xəzər L | 4 | 0 | 3 | 1 | 1-3 | 3 |
10 | Rəvan | 4 | 0 | 0 | 4 | 1-14 | 0 |
Bombardirlər: Cavid Hüseynov (Bakı), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İbekoyi, Baçana Tsxadadze (İnter) - 3 qol.
Fanat.az