"Bizim üçün hər bir rəqiblə görüş çətin keçdi. Biz yeni komanda formalaşdırmışdıq. Həm paralel olaraq komandanın yeni heyətini qurmağa, həm də mərhələ adlamağa çalışırdıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk klubun Avropa Liqasındakı çıxışı barədə danışarkən deyib.
Ukrayna mətbuatına danışan baş məşqçi futbolçulardan razılıq edib: "Futbolda təsadüfi hallarda möcüzə baş verir. Hər şey üçün də vaxt lazımdı. Onu iddia edə bilmərəm ki, məndən öncə burada heç bir iş görülməmişdi, heç nə yox idi. Sadəcə, mən hər şeyi sıfırdan qurmağa çalışdım. Futbolçularımızın oyun fəlsəfəsini dəyişmək lazım idi ki, nəticə qazana bilək. Uşaqların da haqqını vermək lazımdı. Onlar çox çalışqandılar".
Qriqorçuk Premyer Liqadakı limitə qarşı çıxıb: "Mən ümumiyyətlə limitə qarşıyam. Limit daha çox legionerlər üçün nəzərdə tutulub. Meydanda beş Azərbaycan pasportuna malik futbolçu olmalıdı. Bax bu limitlə razı deyiləm. Süni qaydalar çempionatın səviyyəsini qaldırmır. Amma meydanda gənc futbolçunun da olmasına dair qayda klubların uşaq futbol məktəblərinə diqqət ayırmasını zəruri edir".
Fanat.az