Pərdis Fərcad-Azad “Sumqayıt”ın rekordunu təkrarlamaqla klubun tarixinə düşüb. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının VIII turunun “İnter”lə ev oyununda qol sevinci yaşayan 27 yaşlı hücumçu klubunun ölkə çempionatlarındakı ən yaxşı bombardiri adına şərik çıxıb.
“Sumqayıt”ın heyətində Premyer Liqada 18-ci dəfə fərqlənən Pərdis bu göstəricidə Məhəmməd Qurbanova çatıb. Sonuncu artıq “Gənclik şəhəri” təmsilçisində çıxış etmədiyindən Fərcad-Azad rekordu yeniləmək imkanına malikdi.
Komandasındakı 66-cı oyunda buna nail olan Pərdisin orta məhsuldarlığı 0,273-ə bərabərdi. Cari mövsümdə 7 matçda ilk dəfə fərqlənən hücumçu qollarından 9-nu 2012/13 (23 oyun), 6-nı 2013/14 (24 oyun), 2-ni 2014/15 (12 oyun) mövsümlərində vurub.
“Sumqayıt”ın Premyer Liqada 3-cü bombardiri Orxan Əliyevin hesabında isə 14 top var.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol