Premyer Liqanın XI turunun "Qəbələ" - "Kəpəz" oyunu iki günə bşa tutub. Oktyabrın 31-də başlayan və 30-cu dəqiqədə duman üzündən dayandırılan qarşılaşma dünən başa çatıb.
Oktyabrın 31-də baş tutan hissədə "Kəpəz"dən Aleksandr Sitnik (2-ci dəqiqə) fərqlənmişdi. Dünən əvvəlcə Fakundo Pereyra (69-cu dəqiqə) hesabı bərabərləşdirib. 90-4-cü dəqiqədə isə Dario Federiko "Kəpəz"in qələbə qolunu vurub - 2:1.
Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Oyun maraqlı keçdi. Qələbə qazanmasaydıq belə, mən bu sözləri deyəcəkdim. Oyundan öncə bildirmişdim ki, qarşılıqlı hücumlar baş tutacaq. Oyuna görə komandamla fəxr edirəm. Mənim ciddi dəyişikliklər etmək imkanım yoxdu. Sıx qrafikdə komandam qəhrəmancasına mübarizə apardı. Biz öz vaxtımızı gözlədik və qələbə qazandıq”.
Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Bu gün ötən oyunlardan heç bir fərq olmadı. Komandam yenə böyük üstünlük şəraitində oynadı. Biz qollar vurmalı idik, amma bunu bacara bilmədik. Üstün oyun sərgiləsək də, qələbə qazanmadıq. Həmin problemləri aradan qaldırmaq lazımdır. Biz üstün oynayırıq, amma qol vura bilmirik. Deməli, hücumların sonluğunu düzəltməliyik. Çatışmazlıqların nədən ibarət olduğunu bilirik. Futbolda əsas olan nəticədir. 3 oyunda 9 xal qazana bilərdik, amma bunların sayı 2 oldu. Məğlubiyyəti Dodo ilə əlaqələndirmək olmaz. Dodo bizim komandanın kapitanıdır, vacib oyunçudur. Ona hörmət edirəm. Amma elə bir futbolçu yoxdur ki, mövsüm boyu zədələnməsin və ya cəzalı duruma düşməsin”.
Fanat.az