"Kəpəz"in son durumu ilə bağlı məlumat vermişdik. Sentyabrın 5-də I divizionun püşkü atılacaq, amma Gəncə klubunun sadəcə adı var. Təbii ki, bu durum gəncəli azarkeşlər kimi mətbuatı da narahat edir. Ölkənin ikinci ən böyük şəhəri, futbol ənənələri ilə zəngin Gəncənin komandası ölüm ayağındadı, AFFA-nın təyin etdiyi kurator isə Avropada kef edir.
İcraiyyə Komitəsinin son iclasında İsgəndər Cavadov Gəncəyə kurator təyin edilmişdi. O, sponsorlarla birlikdə "Kəpəz"in və uşaq futbolunun inkişafına xidmət göstərməli idi. Yəni Gəncə klubunu yenidən formalaşdırmalı, çempionata hazır vəziyyətə gətirməli idi. Yəqin ki, bu İcraiyyə Komitəsi üzvlərinin şəxsi təşəbbüsü deyildi və Rövnəq Abdullayevin istəyi ilə Gəncəyə kurator təyin edilmişdi. Bununla da AFFA prezidenti ona - futbol veteranına etimadını göstərmişdi.
"Cavadov bu etimadı nə dərəcədə doğrultdu" sualını vermək fikrimiz yoxdu. Hər şey ortadadı. Bir neçə vəzifəni əlində (İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyalarının prezidenti, Gəncə üzrə kurator) cəmləşdirməklə gözü doymayan veteran indi də "Bakı"nın İdarə Heyətinə üzv olmaq eşqinə düşüb. Birini yarıtmışdı, qalmışdı o biriləri...
"Kəpəz" və "Xəmsə" fan-klublarının Cavadovla bağlı etiraz bəyanatlarının ardınca Mehman Allahverdiyevin də fikirlərini təqdim etmişdik. Gəncəli mütəxəssis Cavadovu vəzifəsinin öhdəsindən gəlməməkdə ittiham etmişdi. Biz də peşə borcumuzu yerinə yetirərək onunla əlaqə saxlayıb ittihamlara münasibətini öyrənməyə, "Kəpəz"in taleyini müəyyənləşdirməyə çalışdıq. Amma...
57 yaşlı veteran hardan zəng etdiyimizi bilən kimi "məni narahat etməyin" deyib, telefonu qapatdı. Təbii ki, bizə açıqlama vermək məcburiyyətində deyildi. Amma yaşına və adına uyğun olaraq tərbiyəsizlik etməyə də bilərdi. Adının qarşısına zırıltılı 4 vəzifə yazılan adam daha tərbiyəli olmağa məcburdu.
Görünür bu vəzifələr ona yüksək yerlərdən həvalə olunub deyə, mətbuata buynuz göstərmək qərarına gəlib. Nə də olsa, arxası möhkəmdi... Deyəsən İsgəndər bəy "Kurtlar Vadisi"nə çox baxır ki, artıq özünü "İsgəndər Böyük"ün yerində görür. Bu da bizdən sənə məsləhət, özünü böyük göstərənlərin aqibəti heç də yaxşı olmur. "İsgəndər Böyük"ün taleyini unutma...
Bir vaxtlar AFFA prezidenti postuna iddialı olan cənab Cavadov sonra ciblərinin doldurulması hesabına buyruq quluna necə çevirildisə, indi də Hafiz Məmmədovun dəbdəbəli Lans, Madrid səfərlərinin "paxmel"indən ayıla bilmir. Ayılmaq zamanıdı İsgəndər bəy, Gəncə sizi gözləyir...
Fanat.az