Bu gün səhər saatlarında Mehman Allahverdiyevin Gəncə futbolunun acınacaqlı vəziyyəti ilə bağlı müsahibəsini təqdim etmişdik. Bundan sonra mütəxəssis AFFA rəhbərliyinə müraciət edərək, Gəncə futbolunun hazırkı durumundan narahatçılıq keçirdiyini bildirib, Qərb təmsilçisini bu böhranlı vəziyyətdən çıxarmaq üçün konkret ideya və təkliflərinin olduğunu qeyd edib.
Allahverdiyev vurğulayıb ki, Gəncəni təmsil edəcək klubun I divizionda çıxış etməsini, habelə AFFA-nın bayrağı altında keçirilən bütün yaş qrupları üzrə liqalarda komandanın iştirakını təmin etməyə hazırdı və ən qısa zamanda bu istiqamətdə fəaliyyətə başlaya bilər.
AFFA rəhbərliyi Allahverdiyevin səsləndirdiyi fikirləri müsbət qarşılayıb və bu işlərin görülməsini ona həvalə edib.
Hazırda Gəncə futbolu ağır vəziyyətdədi. Tarixi ənənələrə sahib şəhərdə futbol adına heç nəyin qalmadığını desək, yanılmarıq. I divizionun startına isə sayılı günlər qalıb. Təbii ki, belə bir vaxtda "Kəpəz"i çətin vəziyyətdən Gəncəni və komandanı hər kəsdən daha yaxşı tanıyan, azarkeşlərlə normal münasibətləri olan Mehman Allahverdiyev çıxara bilərdi. Bir sözlə, ümid edək ki, AFFA-nın bu qərarı Gəncənin ölməkdə futbolunu yenidən həyata qaytaracaq.
Fanat.az