İspaniyanın "Valyadolid" klubunda çıxış edən Manuço Azərbaycandan təklif alıb. Fanat.az xəbər verir ki, anqolalı forvard "Neftçi"nin maraq dairəsinə düşüb.
Lakin o, ölkəmizə gəlmək istəməyib. Bu barədə məlumat yayan İspaniya mətbuatı onun "Neftçi" və Çindən təklif aldığını, lakin Manuçonun bunlardan imtina etdiyini yazıb. Səbəb isə onun karyerasını İspaniyada davam etdirmək arzusu olub.
Qeyd edək ki, tam adı Mateus Alberto Kontreiras Qonçalves olan futbolçu sağ cinah hücumçusudu. 1999-2008-ci illərdə vətənində çıxış edib: "Benfika de Luanda" (1999-2002, 12 oyun, 5 qol) və "Petro Atletiko" (2002-2008, 78 oyun, 34 qol). 2008-ci ildə vətənini tərk edən futbolçu "Mançester Yunayted"lə müqavilə bağlayıb və Kriştiano Ronaldo ilə İngitərə nəhəngində cəmi 1 çempionat oyununa çıxıb. 2008-ci ildə Yunanıstanın "Panatinaikos" klubuna icarəyə verilən (10 oyun, 4 qol) Manuço növbəti ildə icarə əsasında Premyer Liqa təmsilçisi "Hall Siti"də forma geyinib (13 oyun, 2 qol).
"Neftçi"nin istədiyi futbolçu 2009-cu ildə İspaniyanın "Valyadolid" klubuna icarəyə verilib. İndiyədək bu komandada 63 oyun keçirən afrikalı 16 qola imza atıb. O, 2010-cu ildə Türkiyənin "Bucaspor" (12 oyun, 2 qol), bir il sonra "Manisaspor" (9 oyun) klublarına icarəyə verilib.
Manuço Anqola yığmasının üzvüdü. O, 2008-ci ildən çağırıldığı yığmada 38 oyuna çıxıb və 21 qol vurub. Məhşur "Transfermarkt" saytı ona 2.5 milyon avro qiymət qoyub.
Fanat.az