"Xəzər Lənkəran"ın və 21 yaşadək futbolçulardan ibarət olan milli komandanın qapıçısı Orxan Sadıqlının müsahibəsi
- “Xəzər Lənkəran”ın bu mövsüm uğursuz çıxışını nə ilə izah edə bilərsən?
- Bizim yeganə bir problemimiz var o da ki, qol vura bilməməyimizdi. Qol vura bilməyən komanda da heç vaxt uğur qazana bilməz. 5 turdan sonra bu cür nəticə göstərməyimiz çox acınacaqlıdı. Bizə bir qələbə lazımdı. Sadəcə olaraq qələbə ki, psixoloji vəziyyətimiz düzəlsin. Ona görə də “Bakı” ilə oyunda mütləq qələbə qazanmalıyıq. Doğrudu, bu çox çətin olacaq. Çünki “Bakı” hazırda yaxşı vəziyyətdə olan bir komandadı. Son turda da “Neftçi” üzərində parlaq qələbə qazandılar. Ancaq bununla belə, biz əgər “Bakı”ni udsaq, inandırım sizi ki, qələbələrin davamı gələcək.
- Bəlkə, Con Toşakın komanda ilə keçirdiyi məşqlər qələbə üçün yetərli olmur?
- Yox, mən elə deməzdim. Hər keçən tur göstərir ki, komanda yavaş-yavaş özünə gəlir. Biz oyun ərzində ən azı 4-5 təhlükəli qol epizoduna giririk. Ancaq qol vura bilmirik. Bunun da günahkarı özümüzük. Burada nə məşqçi, nə rəhbərlik təqsirkar deyil ki. Toşak öz işinin öhdəsindən yaxşı gəlir. Hər məşqimiz ciddi, tam olaraq keçir. Lakin qol vura bilməmək problemimiz keçmir.
- Son zamanlar Mirça Rednikin yenidən “Xəzər Lənkəran”ı çalışdıracağına dair xəbərlər yayılır. Səncə, komandanın hazırkı vəziyyətində belə bir dəyişikliyə ehtiyac varmı?
- Vallah, açığını deyim ki, komandaya məşqçi gətirmək, məşqçi göndərmək bzim işimiz deyil. Lap sabah Rednik də gəlsə, biz futbolçu olaraq onun da dediyi tapşırıqlara əməl edəcəyik. Ancaq ümumilikdə mən Toşakdan bir məşqçi kimi razıyam. Sözsüz ki, o da komandanın belə uğursuz çıxış etməyini istəməz. Yenə də deyirəm, kimin gəlib, kimin gedəcəyinə biz qərar vermirik. Bunu rəhbərlik edə bilər.
- Son turda “Qəbələ” məğlubiyyətindən sonra komandada əhval-ruhiyyə nə vəziyyətdədi?
- Məğlubiyyət hər necə olursa, olsun həmişə acıdı. Lakin “Qəbələ” məğlubiyyəti artıq arxada qalıb və biz növbəti turu, “Bakı” ilə oyunu gözləyirik. Ona görə də özümüzü bu oyuna kökləməyə çalışırıq. Həm də komandanın bir sıra futbolçusu İsraillə oyun üçün səfərə yola düşüb. Gərək onlar da özlərini millinin oyununa hazırlasınlar.
- Bir qapıçı kimi “Xəzər Lənkəran”ın oyununu qıraqdan izləyəndə hansı mövqeyə dəyişiklik edilməsi lazım olduğunu sezirsən?
- Bizim müdafiəmiz biraz zəifdi. Son vaxtlrda kobud səhvlərdən qollar buraxdıq. Ancaq belə baxanda səhv bütün komandanın səhvidi. Bir nəfəri günahlandırmaq düzgün olmazdı. Hücum xəttimiz zəif deyil. Milli çempionatımızda öz sözlərini demiş futbolçular komandamızda yer alır. Ancaq qol vura bilmirik. 5 tura 1 qol vurmuşuq bu sadəcə olaraq biabırçılıqdı. Elə bil, komandanı lənətləyiblər. Belədə isə kənardan oyunumuzu seyr etdiyim vaxt müdafiəmizin zəif təsir bağışladığını görürəm.
qafqazinfo.az