"Xəzər Lənkəran" Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul olunub. Fanat.az xəbər verir ki, bu barədə ECA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən 11-ci Baş Assambleyasında 19 komanda qurumun üzvülüyünə qəbul olunub: "Xəzər Lənkəran" (Azərbaycan), Atletik, Real Sosyedad (hər ikisi İspaniya), Turku, İnter (hər ikisi Finlandiya), Videoton, Budapeşt (hər ikisi Macarıstan), İrtış, Şaxtyor (hər ikisi Qazaxıstan), Atromitos (Yunanıstan), Şamrok Rovers (İrlandiya), Reykyavik (İslandiya), Makkabi (Təl-Əviv, İsrail), Udineze (İtaliya), Krusaders (Şimali İrlandiya), Molde (Noveç), Vasluy (Rumıniya), Mothervell (Şotlandiya), Olimpiya (Sloveniya).
Bununla da ECA üzvlərinin sayı 214-ə çatıb. Üzvlərdən 105-i fövqəladə, 109-u isə assosiativdi. Onlar 2015-ci ilədək fəaliyyətdə olacaqlar. ECA son toplantısında UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılan "Fənərbaxça" və "Beşiktaş"ı fövqəladə üzvlükdən assosiativ üzvlüyə endirib. Təşkilatın nizamnaməsinə əsasən avrokuboklara qatılmaq yasağı olan klublar fövqəladə üzv ola bilməz.
Baş Assambleyasının iclasında Karl-Haynts Rummenigge növbəti 2 il müddətinə qurum prezidenti seçilib. Bundan başqa 3 vitse-prezident, baş katib və 11 İdarə Heyəti üzvü də müəyyənləşib.
Qeyd edək ki, "Xəzər Lənkəran"dan başqa Azərbaycan klublarından "Neftçi", "Bakı" və AZAL ECA-nın üzvüdü.
Fanat.az