"Heç bir klubu lisenziya şərtlərinə cavab verməsə, Premyer Liqada 8 klub 4 dövrədə çıxış edəcək". Fanat.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün baş tutan AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasdan sonra jurnalistlərə açıqlama verən Rövnəq Abdullayev iyunun 13-dək yekun qərarın veriləcəyini bildirib: "Həm Premyer Liqa, həm də I divizion klubları lisenziya tələblərinə tam cavab vermir. Qərara aldıq ki, iyunun 13-dək PFL və katiblik klublarla işləsin. Həmin klublarla görüş olsun. Görüşdən sonra kimlərə lisenziya verilib-verilməyəcəyi dəqiqləşəcək. AFFA olaraq, idman prinsiplərinə sadiq qalmalıyıq".
AFFA prezidenti heç bir kluba güzəşt etməyəcəklərini bildirib: "Heç bir klub istisna hal kimi Premyer Liqaya gətirilməyəcək. Ötən il "Rəvan"ı çempionata buraxdıq, amma klubun xalları silindi. FIFA və UEFA Azərbaycan Premyer Liqasını monitorinqə götürüb. İstədikləri vaxt monitorinqi dayandırıb, cəza verə bilərlər. Ona görə də şəffaflığı qorumalıyıq".
Fanat.az