Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” - “Samtredia” oyununa hakim təyinatı açıqlanıb.
Fanat.az xəbər verir ki, iyunun 30-da, 8 km qəsəbə stadionunda baş tutacaq qarşılaşmada Belarusdan olan hakimlər briqadası idarəçilik edəcək.
Matçın baş hakimi Denis Şerbakov olacaq. Ona Dmitri Juk və Yuri Xomçanka kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sergey Tsynkeviç yerinə yetirəcək. Matçın hakim-inspektoru isə rusiyalı Aleksey Spirin olacaq.
Denis Şerbakov Azərbaycan klublarına tanış hakimdi. 38 yaşlı hakim bu vaxta qədər 2 dəfə avrokubokdakı təmsilçilərimizlə qarşılaşıb.
2012-ci ildən beynəlxalq dərəcəyə malik olan Şerbakov 2014-cü il, iyulun 17-də keçirilən “Neftçi” – “Koper” matçını idarə edib. Baş hakim funksiyasını yerinə yetirmiş belaruslunun həmin il Azərbaycan klubu ilə yenə yolu kəsişib.
Beynəlxalq karyerasına 2012/13 mövsümündən başlayan Şerbakov Avropa Liqasının 2014/15 mövsümündə İtaliyada keçirilmiş “İnter” – “Qarabağ” oyununa da təyinat alıb. Ağdam klubunun 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşmış qarşılaşmada o, əlavə köməkçi hakim funksiyasını yerinə yetirib.
Həmin il Qazaxıstan “Astana”sının Ermənistan “Pünik”i üzərində qələbəsində iştirak edən referi meydana 4-cü hakim kimi çıxıb. İyulun 10-dakı bu matçın hakim-inspektoru isə həmyerlimiz Asim Xudiyev olub.
Fanat.az