Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" birinci təsnifat mərhələsinin ilk oyununda qarşılaşacağı "Samtredia" ilə matçdan əvvəl daha bir transferi rəsmiləşdirib. Söhbət Seneqal əsilli fransız futbolçu Baqali Dabodan gedir.
Artıq onun adı Avroliqanın sifariş ərizəsinə daxil edilib. Komandanın baş məşqçisi Roman Qriqoruçuk 28 yaşlı futbolçuya şans versə, ön xətt oyunçusu nəyə qadir olduğunu isbatlamağa çalışacaq. Bunu sport7.az saytına açıqlamasında Dabonun özü bildirib.
O, bununla yanaşı "Qəbələ"yə transferindən də danışıb: "Bura gəldiyimə görə çox xoşbəxtəm. İlk dəfədi ki, legioner həyatı yaşayıram. İnanıram ki, bu, mənim üçün yaxşı bir təcrübə olacaq. Oynamağa yüz faiz hazır deyiləm. Ancaq baş məşqçi mənə şans versə, meydanda əlimdən gələni etməyə çalışacam. Yaxşı komandaya gəldiyimi düşünürəm. Gürcüstandakı təlim-məşq toplanışında da bunun şahidi oldum. "Samtredia" ilə oyuna gəlincə, inanıram ki, qələbə qazanacağıq. Çünki ilk oyunu evdə oynayırıq. Bu şansdan maksimum yararlanmağa çalışacağıq".
Qeyd edək ki, "Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində "İvri” (2008-2011), "Kretey” (2011-2013, 2014-2016) və "İstr” (2013-2014) klublarının şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu "Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb.
Fanat.az