Mövsümə pis başlayan “İnter”in düşdüyü durum futbol ictimaiyyətinin diqqət mərkəzindədi. “Ağ-göylər”in rəhbərliyinin yenilgiləri sıralayan komandanın çalışdırıcısı ilə yolları ayıracağını proqnozlaşdıranlar isə yanıldı. Кахабер Tsxadadze klubla yeni birillik anlaşma imzaladı, seleksiyaçı-məşqçi Aleksandr Rexviaşvili isə suçlu sayılaraq, komandadan uzaqlaşdırıldı. Bakılıların bolqar başqanı Georgi Nikolovla əlaqə saxlayıb bizi maraqlandıran suallara cavab almağa çalışdıq.
- Çempionata çox uğursuz başlayan Tsxadadze ilə yeni müqavilə imzalamağınız gözlənilməz oldu. İstefaya eyham vuran, oyunsonrası mətbuat konfranslarına qatılmayan baş məşqçinin küsüb gedəcəyindən ehtiyatlandız?
- Bu dəstək xarakterli addım idi. 3 il “İnter”i çalışdırmış mütəxəssisin psixoloji təzyiq altında olduğu, “qara zolaq”dan çıxış yolu axtardığını bilirik. Əlbəttə, pis başlanğıc xoş deyil. Bizə ən yaxşısına ümid etmək qalır.
- Yaxşı, birdən daha 5 tur komanda qələbəyə həsrət qalsa, Tsxadadze yetirmələrini vəziyyətdəın çıxara bilməsə, necə?
- Şəxsən ona inanıram və “qara zolağ”ın daha 5 tur uzanacağını ehtimal etmirəm. Bu futboldu. Vəziyyətdən çıxmağa vaxt var. Baş məşqçi üzərinə düşən məsuliyyətin fərqindədi. Onu lazımsız əski kimi atmaq fikrini ağlımızdan keçirmirik. Eyni məqsəd uğrunda çalışırıq. Bir-birimizə qarşılıqlı hörmətimiz var.
- Necə deyərlər, çanaq Rexviaşvilinin başında çatladı. Seleksiyaçı-məşqçini niyə qovduz? Fiaskonun səbəbkarı o idi?
- Qovmadıq. Oturub söhbətləşdik və yolları ayırdıq.
- Rexviaşvilini yola salmaq qərarını baş məşqçi ilə birgə verdiz?
- Xeyr. Çalışdırıcı köməkçisindən şikayət etməmişdi. Mən hələ ötən mövsüm komandaya cəlb olunan bir neçə futbolçunun işə yaramadığını bilirdim. Bu yay gələnlərin də əksəriyyəti ümidləri doğrultmayıb. Onunla vidalaşmaq vaxtının çatdığını anladım və halallıqla ayrıldıq.
- Sizə elə gəlmirmi ki, ikiəlli dəstəklədiyiniz maliyyə “feyr-pley”i “İnter”i hədəflərindən uzaq salır?
- Yox. Məndən olsa, ölkədə transferlər üçün maksimal hədd müəyyənləşdirilər. Belədə ümumi balans da pozulmaz. Dünya futbolunda nümunələr çoxdu. Məsələn ABŞ-da ağlagəlməz məbləğdə futbolçu transferlərinə qadağa qoyulub. Maksimal həddi müəyyənləşdirərkən yerli şəraitə uyğun qərar vermək də şərtdi. “İnter”in maliyyə “feyr-pley”inin güdazına getmədiyinə əminəm.
- Onda gerçək səbəbi nədə axtaraq? Yenə Rexviaşvilidə?
- Yeni sistemlə keçirilən çempionata istənilən səviyyədə hazırlaşa bilmədik. Hardasa çempionatdakı mövcud rəqabəti lazımınca dəyərləndirmədik. Hazırda 10 komandanın iştirakı ilə mübarizə gedir və demək olar, asan oyun yoxdu.
- Siz ki “altılıq” sisteminə qarşı çıxırdız...
- Fikrimdə qalıram. İndiki çempionat daha maraqlı alınacaq. Bizim üçün yaxşı başlamasa belə...
- Sizi demokratik fikirlər səsləndirməkdən çəkinməyən biri kimi tanıyırıq. Səmimi deyin, millinin futbolçularının İsraillə səfər heç-heçəsinə görə hərəyə 50 min dollar mükafat almasını necə qarşıladız?
- Müsbət yanaşmadım. O məbləğ həmin nəticənin haqqı deyildi. Məgər bu informasiya təsdiqlənib?
- AFFA-dakılar nəinki bu tip informasiyaları təsdiqləyir, heç əcnəbi çalışdırıcılara verdiyi paranın məbləğini də açıqlamır. Mənə yığma üzvlərindən biri deyib.
- Doğurdan da inanılmaz addımdı. Təsəlli mükafatı desək daha düzgün yanaşmış olarıq. Yəqin futbolçuları ruhlandırmaq, növbəti oyunlarda qələbə həvəsini artırmaq üçün pulu əsirgəməyiblər.
- AFFA prezidenti olsaz, yəhudilərlə bərabərliyə görə nə qədər verərdiz?
- Təxribata çəkməyin. Mən AFFA başqanı deyiləm axı... Heç belə iddiam da yoxdu(gülür).
- Bilirəm ki, “İnter”in prezidentisiz. Sadəcə, fikrinizi öyrənmək məqsədi ilə soruşdum.
- Bir oyunda bərabərliyə görə pul verməzdim.
- Heç hərəyə 5 min dollar da?
- Yox. Tsiklin sonunda yığmanın nəticələrinə baxıb mükafatlandırardım. Eləcə də seçmə mərhələdə özünü ən yaxşı tərəfdən göstərənlərin əməyini dəyərləndirərdim.
- Bloqlarınızda ara-sıra müraciət etdiyiniz “illik bonus” strategiyasına uyğun?
- Bəli. Bir oyunla iş bitmir ki...
NİHAT, “Futbol+”